İtaliya İspaniyaya meydan oxudu: Milli təhlükəsizlik hər şeydən üstündür
İtaliya İspaniya ilə sərhəddə sərbəst hərəkəti təmin edən Şengen sazişinin fəaliyyətini milli təhlükəsizlik üçün təhdid qalmadığı vaxt bərpa edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Piantedozi bildirib.
Nazir qeyd edib ki, İtaliyanın İspaniya ilə Şengen rejimini birtərəfli qaydada dayandırması müvəqqəti tədbirdir və Avropa İttifaqı razılaşmalarında nəzərdə tutulub.
“Milli təhlükəsizliyə təhdid olmayanda bu tədbir geri götürüləcək. İspaniya ilə Şengenin dayandırılması müvəqqəti qərardır. Avqustun 15-dən sonra vəziyyətin necə dəyişəcəyinə baxacağıq”, – Piantedozi bildirib.
Onun sözlərinə görə, İspaniya xüsusi xidmət orqanları Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya yeni miqrant axınının təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.
İtaliya Baş naziri Corca Meloninin ofisi isə bildirib ki, Roma milli təhlükəsizlik və sərhəd nəzarəti məsələlərində xaricdən gələn ultimatumları qəbul etməyəcək.
“İtaliya ən azı avqustun 15-dək və təhlükəsizlik təhdidləri tam aradan qalxana qədər İspaniyadan gələn üçüncü ölkə vətəndaşları üçün Şengen rejiminin dayandırılması qərarına yenidən baxmaq niyyətində deyil”, – açıqlamada qeyd olunub.
Bununla yanaşı, İtaliya vurğulayıb ki, tətbiq olunan nəzarət hava və dəniz yolu ilə ölkəyə daxil olan sərnişinlərə şamil edilmir.
Qərar iyulun sonunda Seutada baş verən miqrasiya böhranından sonra qəbul edilib. Məlumata görə, on minlərlə qeyri-qanuni miqrant Mərakeş tərəfdən üzərək və ya piyada maneələri aşaraq şəhərə çatmağa çalışıb.
Böhran fonunda İspaniya hökuməti təhlükəsizliyin təmin olunması üçün bölgəyə hərbçilərin cəlb edilməsinə qərar verib. İspaniya hökumətinin məlumatına görə, Seutaya çatmağa çalışan azı 75 nəfər həyatını itirib, Mərakeş isə 11 ölüm faktı barədə məlumat verib.
21:24 07.08.2026
Oxunuş sayı: 53