Arıqlama preparatları ilə bağlı 100-dən çox ölüm araşdırılır
Böyük Britaniyada populyar arıqlama preparatlarının istifadəsi ilə əlaqəli ola biləcək 100-dən çox ölüm halı qeydə alınıb. Bu dərmanların yan təsirləri ilə bağlı təxminən 150 min şikayət daxil olub.
Crossmedia.az xəbər verir ki, “The Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniyada arıqlama məqsədilə istifadə olunan preparatlarla bağlı təxminən 150 min nəfər yan təsirlərdən şikayət edib. Eyni zamanda, 100-dən çox ölüm halının bu dərmanlarla əlaqəli ola biləcəyi araşdırılır.
Bununla belə, qəzet vurğulayır ki, qeydə alınan ölüm halları mütləq şəkildə preparatların təsiri nəticəsində baş verməyib. Ölən şəxslərdə yanaşı xəstəliklərin və ya əvvəllər diaqnoz qoyulmamış sağlamlıq problemlərinin olması da mümkün hesab edilir.
Məlumata görə, ən çox şikayət tirzepatid tərkibli Mounjaro preparatı ilə bağlı olub. Bu dərman üzrə 100 mindən çox müraciət qeydə alınıb, onlardan təxminən 10 mini ciddi yan təsir kimi qiymətləndirilib. Həmçinin 98 ölüm halının bu preparatla əlaqəli ola biləcəyi bildirilir.
Bundan başqa, semaglutid tərkibli Wegovy preparatı ilə bağlı 44 min şikayət daxil olub və təxminən 37 ölüm halı onunla əlaqələndirilir. Liraqlutid tərkibli Saxenda preparatı üzrə isə 3 minə yaxın şikayət qeydə alınıb, 18 ölüm halının bu preparatla bağlı ola biləcəyi ehtimal edilir.
“The Times” yazır ki, preparatların istehsalçıları – Eli Lilly və Novo Nordisk – xəstələrin təhlükəsizliyinin onlar üçün prioritet olduğunu bildirərək, hər hansı yan təsirin müşahidə edildiyi halda tibb işçilərinə məlumat verilməsinə çağırıblar.
17:48 06.08.2026
Oxunuş sayı: 50