Pakistan Moskva, Bakı və İrəvanla əlaqələri gücləndirmək istəyir
Pakistan Moskva, Bakı və İrəvan arasında əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi danışıb.
Diplomat Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını şərh edərkən bildirib ki, Bakı ilə İrəvan arasında ziddiyyətlərin aradan qalxması və Ermənistanın tarixdə ilk dəfə Pakistana səfir təyin etməsi yeni əməkdaşlıq imkanları yaradır.
Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və ümumilikdə Qafqaz regionu Pakistanla çoxlu ortaq cəhətlərə malikdir.
"Uzun illər Ermənistanla diplomatik münasibətlərimiz olmayıb. Son hadisələrdən sonra Ermənistanla normal əlaqələrin qurulmasının vacibliyi dərk olunub", – deyə səfir vurğulayıb.
Faysal Niyaz Tirmizi əlavə edib ki, son dövrlərdə Dağıstan, Çeçenistan, Soçi, Krasnodar və Azərbaycana səfərlər edib və tarixi baxımdan Qafqaz regionu ilə Pakistan arasında güclü əlaqələrin mövcud olduğunu müşahidə edib.
Onun fikrincə, Pakistan, Ermənistan və bütövlükdə Qafqaz regionu arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.
11:33 06.08.2026
Oxunuş sayı: 49