İsraildə fələstinli məhbuslar üçün yeni plan: timsahlı həbsxana...
İsraildə fələstinli məhbusların saxlanıldığı həbsxananın ətrafında timsah xəndəklərinin yaradılması layihəsi müzakirələrə səbəb olub. Layihə hüquq müdafiəçiləri və ekoloji təşkilatlar tərəfindən ciddi tənqid edilir.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və Ətraf Mühitin Mühafizəsi naziri İdit Silman avqustun 4-də fələstinli məhbusların saxlanıldığı Ketziot həbsxanasının yüksək təhlükəsizlikli bölməsinin ətrafında qazılan xəndəklərə baxış keçiriblər.
Layihə ilə bağlı Qüds Regional Məhkəməsi daha əvvəl "Heyvanları Yaşadın" adlı təşkilatın müraciətinə baxılana qədər həbsxana ətrafına timsahların yerləşdirilməsini müvəqqəti dayandırıb.
Buna baxmayaraq, Ben-Qvir məhkəmə qərarından sonra əraziyə gedərək timsahların yerləşdirilməsində israr etdiyini bildirib. O, "Timsahlar burada olacaq, bunun üçün məhkəmədə mübarizə aparacağıq" ifadəsini işlədib.
İdit Silman isə Nil timsahlarının İsrailin HƏMAS-ın "Nuhbe" bölməsinə aid olduğunu iddia etdiyi fələstinli məhbusların saxlanıldığı həbsxanaların ətrafında yerləşdirilməsi ilə bağlı iş aparıldığını açıqlayıb.
İsrail mətbuatında yayılan məlumatlara görə, Ketziot həbsxanasının yüksək təhlükəsizlikli hissəsinin ətrafında təxminən 170 metr uzunluğunda xəndəyin qazılmasına iyulun 22-də başlanılıb.
Ekspertlər bildirirlər ki, müasir həbsxana sistemlərində qaçışların qarşısını almaq üçün timsahlardan istifadə edilməsi ilə bağlı nümunə yoxdur. Onlar bu addımın həm insanlar, həm də heyvanlar üçün təhlükə yarada biləcəyini qeyd edirlər.
Məlumata görə, layihənin həyata keçirilməsi üçün Nil timsahının hüquqi statusunun dəyişdirilməsi və onun "yetişdirilən vəhşi heyvan" kateqoriyasına daxil edilməsi nəzərdə tutulub. Bu qərarın isə İsrailin bəzi hüquq və təbiət qurumları tərəfindən tənqid edildiyi bildirilir.
Ben-Qvir daha əvvəl də Ketziot həbsxanasındakı fələstinli məhbusların saxlanma şəraitinin sərtləşdirilməsi ilə bağlı açıqlamaları ilə gündəmə gəlmişdi. Hüquq müdafiə təşkilatları məhbusların ağır şəraitdə saxlanılması, tibbi yardıma çıxışın məhdudlaşdırılması və pis rəftar iddialarını gündəmə gətiriblər.
İsrailli insan hüquqları təşkilatı "B'Tselem" azadlığa buraxılan fələstinlilərin ifadələrinə əsaslanan hesabatında döyülmə, işgəncə, tibbi səhlənkarlıq və ağır saxlanma şəraiti ilə bağlı iddialara yer verib.
Beynəlxalq hüquq ekspertləri hesab edirlər ki, məhbusların vəhşi heyvanlarla qorxudulması və ya belə təhdidlərin dövlət səviyyəsində tətbiqi insan ləyaqətinin qorunması ilə bağlı beynəlxalq normalara zidd ola bilər.
Fələstinli qurumların 2026-cı ilin iyul ayının əvvəlinə olan məlumatına görə, İsrail həbsxanalarında 99 qadın və 350-dən çox uşaq olmaqla, təxminən 9 400 fələstinli saxlanılır.
Beynəlxalq və İsrail hüquq müdafiə təşkilatları oktyabr 2023-cü ildən Qəzzada müharibənin başlanmasından sonra həbsxanalarda saxlanılan fələstinlilərlə bağlı pis rəftar, aclıq, təcrid və tibbi yardımın məhdudlaşdırılması barədə iddialar irəli sürüblər.
12:16 05.08.2026
Oxunuş sayı: 55