Ukrayna düşmən mövqeyini yalnız robot və dronlarla ələ keçirib
Ukrayna cəbhənin ön xəttində əsgərlərin əvəzinə getdikcə daha çox robotlardan istifadə etməyə başlayıb.
Crossmedia.az bu barədə˝Bloomberg˝ -ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, son bir neçə ay ərzində bu istiqamətdə əhəmiyyətli irəliləyiş müşahidə olunur. Əvvəllər yerüstü robotlardan əsasən sursatların çatdırılması və yaralıların təxliyəsi üçün istifadə edilirdisə, hazırda onlar getdikcə daha çox odlu silahlarla təchiz edilir və minalama işlərində istifadə olunur.
Son hadisələrdən birində dəniz dronu təxminən 11 kilometr məsafə qət edərək Kinburn dilinə pulemyotla təchiz edilmiş Wolly 7.62 yerüstü robotu çatdırıb. Robot Rusiya hərbçilərinin mövqelərinə atəş açıb və onları sahilin bir hissəsindən geri çəkilməyə məcbur edib.
Digər bir robot isə bir əməliyyat zamanı 1 500 tank əleyhinə mina yerləşdirə bilib.
Bundan əlavə, Ukrayna piyada qüvvələrinin iştirakı olmadan yalnız yerüstü robotlar və dronların köməyi ilə Rusiya mövqeyinin tam ələ keçirildiyini də açıqlayıb.
Bununla belə, robot istehsalçıları etiraf edirlər ki, maşınlar hələlik əsgərləri tamamilə əvəz edə bilmir. Onlardan əsasən ən təhlükəli tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunur.
Ümumilikdə, Ukrayna 2026-cı ildə ən azı 50 min yerüstü pilotsuz sistem istehsal etməyi planlaşdırır.
21:48 04.08.2026
Oxunuş sayı: 49