Moskvadan Vyanaya sərt mesaj: Qaydalar hamı üçün eynidir
Moskva Vyanadan beynəlxalq təşkilatlar yanında çalışan Rusiya diplomatlarına viza verilməsi ilə bağlı öhdəliklərini ciddi şəkildə yerinə yetirməsini tələb edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Avstriyadakı səfiri Andrey Qrozov bildirib.
Diplomatın sözlərinə görə, viza məsələsi Rusiya-Avstriya münasibətlərində ən həssas istiqamətlərdən biri olaraq qalır. Buna səbəb Avstriyanın Rusiyanın beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində rəhbər müavini vəzifəsinə namizədə səkkiz ay gözlədikdən sonra viza verməkdən imtina etməsidir.
Moskva hesab edir ki, Vyananın viza prosedurlarını uzatması sistemli xarakter daşıyır. Rusiya xatırladır ki, Avstriya 1959-cu ildə Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında diplomatlara giriş vizalarının mümkün qədər sürətli verilməsi öhdəliyini götürüb.
Rusiya diplomatlarının sözlərinə görə, 2022-ci ildən sonra Avstriyada rusiyalı nümayəndələrə viza verilməsi ilə bağlı gecikmələr artıb. Moskva, həmçinin diplomatların ölkədən çıxarılmasını və viza məhdudiyyətlərini siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.
Avstriya Xarici İşlər Nazirliyi isə bu ittihamları rədd edir və prosedurların uzadılmasını texniki səbəblər və namizədlərin təhlükəsizlik baxımından hərtərəfli yoxlanılması ilə izah edir.
Rusiya bildirir ki, oxşar problemlər yalnız Avstriya ilə məhdudlaşmır. Moskvanın məlumatına görə, Rusiya diplomatlarının viza məsələsində çətinliklərlə ABŞ, İsveçrə və Fransada da qarşılaşdığı hallar olub.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, diplomatik münasibətlərdə viza məhdudiyyətləri və diplomatların hərəkətinə qoyulan digər maneələr 1961-ci il Vyana Konvensiyasının prinsiplərinə ziddir.
Moskva, həmçinin xəbərdarlıq edib ki, diplomatik münasibətlərdə qarşılıqlılıq prinsipi tətbiq oluna bilər və bir ölkənin diplomatlara qarşı məhdudiyyətləri digər tərəfin də analoji addımlar atmasına səbəb ola bilər.
21:16 04.08.2026
Oxunuş sayı: 50