Qrem: Trampın Ukraynada sülh üçün fürsəti yaranıb
ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün vasitəçi kimi çıxış etməsi üçün əlverişli imkan yaranıb. Bu barədə ABŞ-nin keçmiş Prezidenti Corc Buş administrasiyasında Rusiya üzrə ekspert olmuş Tomas Qrem bildirib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Tomas Qrem qəzetdə yayımlanan məqaləsində qeyd edib ki, Trampın sülh təşəbbüsü üçün hazırkı vəziyyət uyğun məqamdır, lakin bu fürsət tezliklə aradan qalxa bilər.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də Tramp haqqında müsbət fikirlər səsləndirir. Lakin ABŞ-də bəzi yüksək vəzifəli şəxslər və tanınmış şərhçilər Vaşinqtonun Ukraynaya hərbi yardımını ön plana çıxararaq, Trampın effektiv və etibarlı vasitəçi kimi çıxış edə biləcəyi ilə bağlı suallar yaradırlar.
Qrem hesab edir ki, ABŞ-nin danışıqlar prosesinə dərhal qayıtması üçün iki əsas səbəb var. O bildirib ki, müharibə bu gün başa çatsaydı, həm Rusiya, həm də Ukrayna əldə olunan nəticəni özləri üçün qələbə kimi təqdim edə bilərdi.
Ekspertin fikrincə, tərəflər arasında razılaşma əldə etmək üçün mövcud imkanlardan istifadə edilməlidir. O, Trampın hazırkı diplomatik vəziyyətdən yararlanaraq sülh prosesini sürətləndirə biləcəyini vurğulayıb.
13:46 04.08.2026
Oxunuş sayı: 50