Rusiya ilə Braziliya arasında dəniz logistikası genişlənir
Rusiya və Braziliya arasında dəniz nəqliyyatı və ticarət əlaqələrinin inkişaf etdiyi açıqlanıb. Ölkələr arasında yükdaşımaların həcminin artdığı, yeni konteyner xidmətlərinin yaradıldığı və daşınan məhsulların çeşidinin genişləndiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, "ТАСС" bu barədə Rusiya Prezidentinin köməkçisi, Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşevin Braziliyanın Limanlar və Hava Limanları Nazirliyində keçirilən danışıqlardan sonra verdiyi açıqlamaya istinadən məlumat yayıb.
N.Patruşev bildirib ki, Rusiya ilə Braziliya arasında dəniz logistikası tədricən inkişaf edir:
"Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, daşınan məhsulların çeşidi genişlənir, yeni konteyner xidmətləri açılır, liman administrasiyaları arasında əlaqələr inkişaf edir".
O qeyd edib ki, Rusiya-Braziliya arasında dəniz sahəsində əməkdaşlığın əsası hələ sovet dövründə qoyulub. Həmin vaxt imzalanmış dəniz gəmiçiliyi haqqında saziş hər iki ölkənin gəmiləri üçün qarşılıqlı limanlarda ən əlverişli rejim prinsipini müəyyən edib.
Patruşevin sözlərinə görə, həmin saziş bu gün də iki ölkə arasında dəniz tərəfdaşlığının hüquqi əsaslarından biri olaraq qalır.
Braziliya hökumətinin məlumatına əsasən, Rusiya ilə Braziliya arasında ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına görə 10 milyard dolları ötüb.
Braziliya Rusiyaya əsasən ət, qəhvə və yerfındığı kimi məhsullar ixrac edir. Rusiya isə Braziliya bazarına gübrə və buğda tədarük edir.
Rusiyanın Braziliyadakı səfiri Aleksey Labetski daha əvvəl bildirib ki, Rusiya Braziliyanın kənd təsərrüfatı sənayesinin ehtiyac duyduğu məhsulların təxminən 30 faizini təmin edir. Bundan əlavə, Moskva Braziliyanın əsas dizel yanacağı tədarükçülərindən biri olaraq qalır.
12:42 04.08.2026
Oxunuş sayı: 48