Aİ İspaniyadan Seutadakı miqrantların geri qaytarılması ilə bağlı sübut tələb edib
Avropa İttifaqı İspaniyadan Seuta muxtar şəhərinə daxil olan miqrantların Mərakeşə geri qaytarılması ilə bağlı açıqladığı rəqəmləri təsdiqləməsini istəyib. Məsələ ilə bağlı Aİ diplomatları ilə Madrid arasında keçirilən müzakirələrdə gərgin anların yaşandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, "ТАСС" bu barədə "Politico" nəşrinin Aİ diplomatlarına istinadən yaydığı məlumata əsasən xəbər yayıb.
Məlumata görə, avqustun 3-də Aİ ölkələrinin səfirləri İspaniya hökumətindən Mərakeşə geri göndərilən miqrantların sayı ilə bağlı açıqlamaları təsdiqləyən məlumatlar təqdim etməyi tələb ediblər.
Diplomatların sözlərinə əsasən, görüş zamanı Madrid digər Aİ ölkələrinin miqrasiya böhranına reaksiyasını tənqid edib və bu məsələdə "bir qədər sərt" mövqe nümayiş etdirib.
Bəzi Aİ ölkələri isə hesab edir ki, İspaniyanın miqrasiya siyasəti özü də miqrant axınının artmasına şərait yaradıb. Digər tərəfdən, avqustun 4-də Aİ ölkələrinin daxili işlər nazirlərinin videokonfransı keçiriləcək və görüşdə Seutada baş verən hadisələr, eləcə də Avropanın gələcəkdə bu cür böhranlardan çıxarmalı olduğu nəticələr müzakirə olunacaq.
Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən üzərək və piyada yollarla İspaniyanın Seuta muxtar şəhərinə keçməyə çalışıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədi keçmək cəhdi zamanı 11 nəfər ölüb, təxminən 40 min miqrant isə Seutaya daxil ola bilib.
İspaniya hökuməti isə Seutaya çatmağa çalışan zaman azı 72 nəfərin həyatını itirdiyini açıqlayıb. "Europa Press" agentliyinin məlumatına görə, şəhər rəhbərliyi hələ də 3-5 min miqrantın Seutada qala biləcəyini bildirib.
12:39 04.08.2026
Oxunuş sayı: 56