Elektrik kəsintisi yüksək vəzifəli məmuru istefaya göndərdi
Gürcüstan Dövlət Elektrik Sisteminin rəhbəri Vano Zardiaşvilinin iyul ayında ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintilərinin araşdırılması fonunda istefa verdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Netgazeti" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Vano Zardiaşvili istefa ərizəsini cümə günü yazıb. Lakin Gürcüstanın İqtisadiyyat Nazirliyi bu xəbəri təsdiqləməyərək onun hazırda məzuniyyətdə olduğunu bildirib. Dövlət Elektrik Sistemi də Zardiaşvilinin məzuniyyətdə olduğunu açıqlayıb.
Enerji sektorundakı mənbələr isə bildiriblər ki, quruma yeni rəhbər artıq müəyyənləşdirilib. İddiaya görə, bu vəzifəyə hazırda şirkətdə qaz nəqlinə cavabdeh olan David Vardiaşvili təyin ediləcək.
Vano Zardiaşvili hakim "Gürcü Arzusu" partiyasından sabiq deputatdır. O, 2025-ci ildə Dövlət Elektrik Sisteminə rəhbər təyin olunub. Bundan əvvəl isə dörd il həmin qurumda hüquq, ekologiya və sosial məsələlər üzrə direktor vəzifəsində çalışıb.
Onun istefası ilə bağlı məlumatlar iyulun 24 və 25-də Gürcüstanda baş vermiş iki genişmiqyaslı elektrik kəsintisinin səbəblərinin araşdırıldığı vaxta təsadüf edib.
İyulun 24-nə keçən gecə Tbilisi, Batumi, Kutaisi, Rustavi və digər şəhərlərdə elektrik enerjisi kəsilib. Nəticədə ölkədə elektrik istehlakı 1860 meqavatdan 564 meqavata qədər azalıb.
Elektrik kəsintisi infrastrukturun fəaliyyətində ciddi problemlərə səbəb olub. Su təchizatı nasos stansiyalarının fəaliyyəti dayanıb, Tbilisi və Rustavidə təxminən 300 min abonent susuz qalıb. Bundan başqa, metro qatarlarının hərəkəti dayanıb, Tbilisi–Batumi gecə qatarı isə təxminən üç saat gecikib
16:22 03.08.2026
Oxunuş sayı: 53