Qəzzada yoluxucu xəstəliklər sürətlə yayılır
Qəzza zolağında humanitar vəziyyət ağırlaşmaqda davam edir. Bölgədə qida və dərman çatışmazlığı, tullantıların yığılması və təmiz su qıtlığı səbəbindən yoluxucu xəstəliklərin sürətlə yayıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə Qəzza Hökumətinin Media Ofisinin direktoru İsmayıl əs-Səvabitəyə istinadən məlumat yayıb.
İsmayıl əs-Səvabiti bildirib ki, İsrailin hücumları və sərhəd-keçid məntəqələrinin bağlı qalması humanitar böhranı daha da dərinləşdirir. Onun sözlərinə görə, xəstəxanalara çatdırılan ölənlərin sayı 72 mini, yaralıların sayı isə 175 mini keçib. Bundan başqa, 9 min 500 nəfərin hələ də itkin düşdüyü və cəsədlərinin dağıntılar altında qaldığı iddia edilir.
O qeyd edib ki, atəşkəs elan edildikdən sonra da 1200-dən çox insanın həyatını itirdiyi bildirilir.
Əs-Səvabiti vurğulayıb ki, İsrail Qəzza ərazisinin 60 faizindən çoxuna nəzarət edir. Nəticədə tullantıların daşındığı ərazilərə çıxış mümkün olmadığından minlərlə ton məişət tullantısı küçələrdə və çadır düşərgələrində yığılır. Onun sözlərinə görə, bu vəziyyət 1,1 milyondan çox insanın yoluxucu xəstəliklərə tutulmasına səbəb olub.
Qəzza rəsmisi bildirib ki, bölgədə dəri, tənəffüs və həzm sistemi xəstəlikləri, həmçinin xərçəng və böyrək çatışmazlığı halları artıb. Xüsusilə uşaqlar arasında suçiçəyi və qaşınma (uyuz) xəstəliklərinin geniş yayıldığı qeyd olunub.
Onun sözlərinə görə, təmiz su çatışmazlığı səbəbindən 500 mindən çox insan bu xəstəliklərə yoluxub və xəstələrin əksəriyyətini uşaqlar və qadınlar təşkil edir. Əs-Səvabiti həmçinin sərhəd-keçid məntəqələrinin bağlı qalması səbəbindən dərman vasitələrinin Qəzzaya çatdırılmadığını bildirib.
Qəzza Hökumətinin Media Ofisinin direktoru beynəlxalq ictimaiyyəti daimi atəşkəsin təmin edilməsi, sərhəd-keçid məntəqələrinin açılması və humanitar yardımların bölgəyə çatdırılması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
14:56 03.08.2026
Oxunuş sayı: 73