Bağırsaq üçün möcüzə bitkilər imiş - alimlər açıqladı
London Kral Kolleci və ZOE şirkətinin alimlərinin apardığı yeni araşdırmaya görə, hər gün müxtəlif bitki mənşəli məhsullar qəbul etmək bağırsaq mikroflorasına standart probiotiklərdən daha güclü təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, “British Journal of Nutrition” jurnalında dərc olunan araşdırmada bildirilib ki, 30-dan çox bitki növündən ibarət qarışıq — tərəvəz, meyvə, qoz-fındıq, toxumlar, göyərti, ədviyyatlar və göbələklər daxil olmaqla — iştirakçıların bağırsağında 57 faydalı bakteriya növünün sayının artmasına səbəb olub.
Müqayisə üçün, yalnız bir yaxşı öyrənilmiş bakteriya növü olan Lactobacillus rhamnosus tərkibli probiotik qəbul edən insanlarda dəyişikliklər cəmi 4 mikroorqanizm növündə müşahidə edilib. Nəzarət qrupunda isə bu göstərici 14 növ olub.
Araşdırmada Böyük Britaniyadan 349 yetkin insan iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci qrup hər gün 30 qram bitki qarışığı qəbul edib, ikinci qrup eyni kaloriyə malik nəzarət məhsulu alıb, üçüncü qrup isə probiotik kapsul qəbul edib.
Altı həftədən sonra bitki qarışığı qəbul edən iştirakçılar özlərini daha yaxşı hiss etdiklərini bildiriblər. Onlarda həzm problemləri, qəbizlik, mədə yanması və qarında köp kimi narahatlıqlar azalıb. Bundan əlavə, iştirakçıların 51 faizi enerji səviyyəsinin artdığını, 45 faizi isə əhval-ruhiyyəsinin yaxşılaşdığını qeyd edib.
Əlavə təcrübə zamanı məlum olub ki, karbohidratlı qidaya bitki qarışığının əlavə edilməsi toxluq hissini daha uzun müddət saxlamağa kömək edir. İştirakçılar yemək istəyinin 71 faiz azaldığını, aclıq hissinin zəiflədiyini və qidadan daha çox məmnun qaldıqlarını bildiriblər.
Araşdırmanın aparıcı müəllifi, London Kral Kollecinin professoru Sara Berrinin sözlərinə görə, bağırsaq mikrobiomunu yaxşılaşdırmaq üçün möcüzəvi bakteriya axtarmaqdansa, mövcud faydalı mikroorqanizmləri dəstəkləyən düzgün qidalanmaya üstünlük vermək daha vacibdir.
Alimlər vurğulayırlar ki, müxtəlif bitki məhsulları bağırsağı çoxlu miqdarda lif və digər faydalı birləşmələrlə təmin edir. Bu maddələr daha sağlam bağırsaq mikroflorasının formalaşmasına kömək edir.
07:40 02.08.2026
Oxunuş sayı: 65