Miqrasiya böhranı Avropada fikir ayrılığı yaradıb
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Corciya Meloni Seutadakı vəziyyətin Avropanın sərhəd təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirib. O, zərurət yaranacağı təqdirdə İspaniya ilə Şengen zonasının fəaliyyətinin müvəqqəti dayandırılmasının da nəzərdən keçirilə biləcəyini deyib. Bu mövqeyi İtaliyanın xarici işlər naziri Antonio Tayani də dəstəkləyib.
Oxşar açıqlamalar Avstriya, Danimarka, Çexiya, Finlandiya, İsveç və Almaniya rəsmilərindən də səslənib. Onlar İspaniyanı Aİ-nin xarici sərhədlərini lazımi səviyyədə qoruya bilməməkdə tənqid edərək, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qanunsuz miqrantların sürətlə geri qaytarılmasını və insan alveri ilə məşğul olan şəbəkələrin ləğv edilməsini tələb edib. Bununla yanaşı, Aİ-nin keçmiş xarici siyasət rəhbəri Jozep Borrel bildirib ki, heç bir üzv dövlət digər ölkəni birtərəfli qaydada Şengen zonasından kənarlaşdıra və ya üzvlüyünü dayandıra bilməz.
İspaniya hökuməti isə ittihamları qəbul etmir. Xarici işlər naziri Xose Manuel Albares bəzi Avropa rəsmilərinin açıqlamalarını "Avropa həmrəyliyinə uyğun olmayan mövqe" adlandırıb.
Baş nazir Pedro Sançes Seutaya səfəri zamanı miqrant axınını ölkənin ərazi bütövlüyünə qarşı hücum kimi qiymətləndirib. O bildirib ki, Mərakeşlə əməkdaşlıq çərçivəsində miqrantların geri qaytarılması istiqamətində iş aparılır, şəhərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək və dənizdə əlavə fiziki maneələr qurulacaq.
01:30 02.08.2026
Oxunuş sayı: 54