Fələstinə dəstəyə görə bu qrupun üzvlərinə Sinqapura giriş ömürlük qadağan edilib
Böyük Britaniyanın məşhur Massive Attack qrupunun hər iki üzvünə Fələstinə dəstək aksiyasına görə Sinqapura ömürlük giriş qadağası qoyulub.
Crossmedia.az xəbər verir ki, "Variety" bu barədə Sinqapur Polisi və İnformasiya Texnologiyaları və Media İnkişafı İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 29-da Sinqapurda keçirilən konsert zamanı qrupun solistləri Robert Del Naya və Qrant Marşall Fələstin bayrağını nümayiş etdiriblər. Hadisə ilə bağlı aparılan araşdırmadan sonra hər iki ifaçı xarici dövlət rəmzlərinin nümayişi ilə bağlı qanunu pozduqlarına görə rəsmi xəbərdarlıq alıblar.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, təşkilatçılarla imzalanmış müqavilədə hər hansı xarici bayrağın nümayiş etdirilməməsi öhdəliyi yer alsa da, konsert zamanı musiqiçilər Fələstin bayrağını qaldırıb, onlardan biri isə Fələstinə dəstək şüarları səsləndirib.
Qrupun Sinqapurdakı bu konserti cari dünya turnesi çərçivəsində ölkədə planlaşdırılan yeganə çıxış olub.
Sinqapur qanunvericiliyinə əsasən, xüsusi icazə olmadan xarici dövlətlərin bayraq və emblemlərinin ictimai yerlərdə nümayişi qadağandır. Rəsmilər bunu ölkədə irqi və dini harmoniyanın qorunması ilə əsaslandırırlar.
“İrqlər və dinlər arasında sülh və harmoniya öz-özünə yaranmır. Xarici hadisələrin cəmiyyətimizə təsir göstərməsinə imkan verməməliyik”, – deyə Sinqapur hakimiyyətinin bəyanatında bildirilir.
Qeyd edək ki, Robert Del Naya 2026-cı ildə Londonda keçirilən Fələstinə dəstək aksiyası zamanı da polis tərəfindən saxlanılmışdı.
17:07 01.08.2026
Oxunuş sayı: 47