Ermənistan süni intellekt zavodunu istifadəyə verib
Ermənistanın Baş naziri Nikol Paşinyan Geğarkunik vilayətinin Qaqarin yaşayış məntəqəsində fəaliyyət göstərən və Cənubi Qafqazın ilk süni intellekt zavodu hesab olunan "ELEVATE AI" müəssisəsinə baş çəkib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Bildirilib ki, müəssisə NVIDIA Blackwell B300 texnologiyası əsasında fəaliyyət göstərir. Paşinyan zavodu gəzərək məlumatların emalı mərkəzinin texniki imkanları, genişləndirmə işləri və gələcək inkişaf proqramları ilə tanış olub.
Məlumata görə, layihənin birinci mərhələsi üzrə investisiya həcmi 150 milyon ABŞ dolları təşkil edir. Bunun təxminən 70 milyon dolları artıq reallaşdırılıb. İnfrastruktur süni intellekt modellərinin öyrədilməsi, eləcə də biznes, elmi və mühəndislik sahələrində genişmiqyaslı hesablamaların aparılması üçün nəzərdə tutulub.
Zavodun birinci mərhələdə gücü 5 MVt təşkil edir. Növbəti mərhələdə bu göstəricinin 40 MVt-a çatdırılması planlaşdırılır. Bildirilir ki, fəaliyyətə başladıqdan cəmi bir ay sonra mövcud güc tam rezerv edilib və bu, həm Ermənistandan, həm də beynəlxalq bazarlardan yüksək tələbatın göstəricisi kimi qiymətləndirilir.
Hökumət qeyd edib ki, 8 avqust 2025-ci ildə Ermənistan və ABŞ hökumətləri arasında süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlığa dair imzalanmış anlaşma memorandumu çərçivəsində Nvidia Blackwell B300 qrafik prosessorlarının ixracına icazə verilib.
Həmçinin xatırladılıb ki, bu il iyunun 1-də Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə "ELEVATE AI" şirkəti arasında ölkədə süni intellekt ekosisteminin inkişafı, innovasiyaların təşviqi, kadr potensialının formalaşdırılması və tətbiqi proqramların dəstəklənməsinə dair anlaşma memorandumu imzalanıb.
Səfər çərçivəsində Ermənistanda süni intellekt infrastrukturunun gələcək inkişaf perspektivləri də müzakirə olunub.
15:06 01.08.2026
Oxunuş sayı: 69