ABŞ Ukraynaya yardım qrupuna rəhbərliyi NATO müttəfiqinə verəcək
ABŞ Ukraynaya hərbi yardımların koordinasiyasını həyata keçirən əlaqələndirmə qrupuna rəhbərliyi NATO üzvü olan başqa ölkəyə ötürmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, "Politico" qəzeti mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, rəhbərliyin dəyişdirilməsi prosesi bir ilə qədər davam edə bilər. Bu müddət ərzində Kiyevə dəstək fəaliyyətlərinin dayandırılmayacağı bildirilir.
Qrupun rəhbərliyini hansı NATO ölkəsinin üzərinə götürəcəyi isə açıqlanmayıb.
Ukraynalı anonim rəsmi "Politico"ya açıqlamasında bildirib ki, ABŞ-ın təqdim etdiyi peyk kəşfiyyatı, hədəflərin müəyyənləşdirilməsi və ağır nəqliyyat təyyarələri vasitəsilə təmin olunan logistika imkanlarını heç bir ölkə tam əvəz edə bilməz.
Qəzet qeyd edir ki, Vaşinqtonun NATO çərçivəsində Avropadakı əsas yardım proqramlarından birinin rəhbərliyindən geri çəkilməsi ABŞ-ın Avropa müttəfiqlərindən uzaqlaşması kimi qiymətləndirilir. Bu vəziyyət Kiyevdə Qərb ölkələrinin Ukraynaya gələcək hərbi dəstəyi ilə bağlı narahatlıqları artırır.
13:53 01.08.2026
Oxunuş sayı: 64