ABŞ-nin Qəzza planı: HƏMAS tərksilah olunur?
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qahirədə vasitəçilərlə HƏMAS nümayəndələri arasında aparılan danışıqlarda Qəzza zolağında silahlı qrupların mərhələli şəkildə tərksilahını nəzərdə tutan razılaşma əldə olunub.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Trampın sözlərinə görə, plan HƏMAS və digər silahlı qruplaşmaların mərhələli şəkildə silahı təhvil verməsini, Qəzzada isə yeni Fələstin administrasiyasının formalaşdırılmasını nəzərdə tutur. ABŞ lideri hesab edir ki, bu model həm Qəzzada sabitliyi təmin edəcək, həm də İsrail üçün təhlükəsizlik zəmanəti yaradacaq.
HƏMAS rəsmiləri isə bildiriblər ki, söhbət yalnız razılaşma layihəsindən gedir. Onların sözlərinə görə, İsrail qoşunları Qəzzadan çıxmadan təşkilat tərksilah məsələsini müzakirə etməyəcək. Ağır silahların yalnız gələcək Fələstin administrasiyasının nəzarətində saxlanılması nəzərdə tutulur.
ABŞ rəsmiləri HƏMAS-ın razılaşmaya əməl edəcəyinə inandıqlarını desələr də, İsrail tərəfinin bu məsələyə skeptik yanaşdığı qeyd olunur. İsrail əvvəllər HƏMAS-ın tam tərksilahını və Qəzzanın tam demilitarizasiyasını əsas şərt kimi irəli sürmüşdü.
15:37 31.07.2026
Oxunuş sayı: 46