Plintusları sirkə ilə necə təmizləmək olar? – Mütəxəssisdən faydalı məsləhətlər
Plintuslar çox vaxt ev təmizliyi zamanı diqqətdən kənarda qalsa da, onların üzərində toz və çirk sürətlə toplanır.
Crossmedia.az xəbər verir ki, "Southern Living" nəşrinə danışan peşəkar təmizlik mütəxəssisi Jaklin Stayn ağ sirkənin plintusları təmizləmək üçün ən təsirli və əlverişli vasitələrdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, sirkə tozu, çirki və barmaq izlərini asanlıqla təmizləyir, səthdə iz buraxmır və xoşagəlməz qoxuları aradan qaldırır. Xüsusilə insanların sıx istifadə etdiyi məkanlarda bu üsul daha faydalıdır.
Mütəxəssis təmizliyə başlamazdan əvvəl plintusun hansı materialdan hazırlandığını müəyyənləşdirməyi və istifadə ediləcək məhlulu əvvəlcə görünməyən kiçik bir hissədə sınaqdan keçirməyi tövsiyə edir. Əgər səthdə çatlar, açıq ağac hissələri və ya həssas örtük varsa, daha yumşaq təmizləyici vasitədən istifadə edilməlidir.
Plintusları təmizləmək üçün əvvəlcə onların üzərindəki toz quru mikrofiber parça və ya yumşaq fırça ilə təmizlənməlidir. Daha sonra 1 stəkan ilıq suya 1–2 xörək qaşığı ağ sirkə əlavə edilərək məhlul hazırlanır. Mikrofiber parça məhlulla isladılıb yaxşıca sıxıldıqdan sonra plintuslar yuxarıdan aşağıya doğru silinir. Küncləri təmizləmək üçün yumşaq diş fırçasından istifadə etmək olar.
Təmizlik başa çatdıqdan sonra plintuslar mütləq quru parça ilə silinməlidir. Jaklin Stayn bildirir ki, səthdə qalan nəmlik zamanla şişmə, ləkə və digər zədələnmələrə səbəb ola bilər.
Ekspert plintusların tozunun ayda bir dəfə, sirkəli məhlulla əsaslı təmizliyinin isə hər 3–4 aydan bir aparılmasını tövsiyə edir. Evdə uşaq və ya ev heyvanı varsa, plintusların daha tez-tez təmizlənməsi məsləhət görülür.
08:50 01.08.2026
Oxunuş sayı: 51