Alimlər Yerin maqnit sahəsində narahatedici dəyişiklik qeydə alıblar
Yer kürəsinin maqnit sahəsinin ən zəif olduğu bölgələrdən biri hesab edilən Cənubi Atlantik maqnit anomaliyasının sürətlə genişləndiyi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, beynəlxalq alimlər qrupunun araşdırmasına əsasən, son on ildə bu anomaliya xeyli böyüyüb, qərbə doğru Cənubi Amerika istiqamətində hərəkət edib və 2020-ci ildən sonra bu proses daha da sürətlənib.
"Futura" nəşrinin məlumatına görə, Cənubi Atlantik maqnit anomaliyası Braziliya ilə Cənubi Afrika arasında yerləşir. Bu ərazidə Yerin qoruyucu maqnit sahəsi zəif olduğundan Günəş radiasiyasının hissəcikləri planetin səthinə daha yaxın məsafəyə qədər çata bilir. Bu vəziyyət maqnetosferin quruluşu və Van Allen radiasiya qurşağının yerləşməsi ilə əlaqələndirilir.
Mütəxəssislər bildiriblər ki, 2013-cü ildə orbitə buraxılan Swarm peyklərinin məlumatları əsasında aparılan təhlillər 2014–2025-ci illərdə anomaliyanın sahəsinin əhəmiyyətli dərəcədə artdığını göstərib. Araşdırma zamanı həmçinin Cənubi Afrika yaxınlığında maqnit sahəsinin zəiflədiyi ikinci mərkəzin formalaşdığı da müəyyən olunub.
05:06 01.08.2026
Oxunuş sayı: 70