SEPAH Hörmüz boğazında iki tankeri saxladı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında hərəkət edən iki tankerin qarşısını alaraq onların hərəkətini dayandırıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Məlumata görə, SEPAH tankerlərin İran tərəfinin xəbərdarlıqlarına məhəl qoymadığını və ABŞ Hərbi Hava Qüvvələrinin hava dəstəyinə arxalanaraq qanunsuz marşrutla hərəkət etməyə cəhd göstərdiyini iddia edib.
Bildirilib ki, hadisədən sonra daha dörd tanker marşrutunu təcili dəyişərək akvatoriyanı tərk edib.
İran tərəfi gəmiçilik və sığorta şirkətlərini ABŞ-yə etibar etməməyə çağıraraq, Vaşinqtonun istənilən qanunsuz müdaxiləsinin sərt şəkildə qarşısının alınacağını bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də İranla iyunun 18-nə keçən gecə əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını açıqlamışdı. Bundan sonra ABŞ hərbi qüvvələri iyulun 8-dən etibarən İrana qarşı bir neçə silsilə zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bu əməliyyatların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyəti ilə əlaqədar həyata keçirildiyini bildirmişdi.
İran isə cavab olaraq Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib və Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumun şərtlərini pozmaqda ittiham edib.
14:11 31.07.2026
Oxunuş sayı: 45