Zaxarova İsveçrəni hədəf aldı: Neytrallıq yalnız maraqlarına uyğun dəyişir
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrənin neytrallıq siyasətini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, İsveçrənin irəli sürdüyü "çevik neytrallıq" anlayışı ölkənin maraqlarına uyğun istiqamət dəyişir. Onun sözlərinə görə, 1940-cı illərdə bu siyasət nasist Almaniyasının, hazırda isə Kiyev və Brüsselin xeyrinə işləyir.
Rusiya XİN rəsmisi İsveçrə hökumətinin neytrallıq prinsipinin ölkə Konstitusiyasında təsbit edilməsinə qarşı çıxmasını da tənqid edib. O iddia edib ki, bu addımın səbəbi həmin prinsipin hüquqi öhdəliyə çevrilməsinin qarşısını almaqdır.
Zaxarova, həmçinin İkinci Dünya müharibəsi dövrünə istinad edərək, İsveçrə Milli Bankının Almaniya Reyxsbankından böyük həcmdə qızıl aldığını və ölkənin maliyyə sisteminin Almaniyanın hərbi iqtisadiyyatının bir hissəsinə çevrildiyini iddia edib. Onun sözlərinə görə, 1938-ci ildə İsveçrə hökuməti Almaniyadan yəhudi vətəndaşların pasportlarında "J" işarəsinin vurulmasını xahiş etmişdi ki, sərhədçilər onları müəyyən edərək ölkəyə buraxmasınlar.
Rusiya XİN nümayəndəsi əlavə edib ki, beynəlxalq hüquqa görə daimi neytrallıq "çevik" ola bilməz. O, 1907-ci il Haaqa Konvensiyalarına istinad edərək bildirib ki, neytral dövlət münaqişə tərəflərinə qarşı eyni yanaşmanı tətbiq etməlidir. Zaxarovanın fikrincə, İsveçrənin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulması onun neytral statusu ilə ziddiyyət təşkil edir.
13:06 31.07.2026
Oxunuş sayı: 63