Zelenski: Rusiya Radüşnoya Şimali Koreya raketi ilə zərbə endirib
Ukraynanın Dnepropetrovsk vilayətinin Radüşno yaşayış məntəqəsinə Rusiya qüvvələri tərəfindən Şimali Koreyada istehsal olunan ballistik raketlə zərbə endirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, bu, ilkin məlumatlardır və raketin mənşəyi ekspertiza zamanı dəqiqləşdiriləcək.
Onun sözlərinə görə, ballistik raket adi bir ailənin yaşadığı evə düşüb. Nəticədə ailənin valideynləri və üç uşağı həlak olub.
“Radüşnoya ruslar uzun müddətdən sonra ilk dəfə Şimali Koreya raketindən istifadə ediblər – ilkin məlumatlar belədir. Əlbəttə, hələ ekspertizalar aparılacaq və hər şey yoxlanılacaq. Lakin hazırda söhbət Şimali Koreya istehsalı ballistik raketdən gedir”, – Zelenski deyib.
Ukrayna Prezidenti Rusiya ilə Şimali Koreya arasındakı hərbi əməkdaşlığı da tənqid edib. O, Moskvanın Pxenyanla raketlər və hərbi kontingent əldə etmək naminə əməkdaşlıq etdiyini bildirib.
Zelenski qeyd edib ki, hücum beynəlxalq səviyyədə də qınanılıb. O, həmçinin Rusiyaya məxsus raketin Polşa ərazisinə daxil olaraq Lyublin yaxınlığında tarlaya düşməsi ilə bağlı Avropa ölkələrinin açıqlamalar verdiyini söyləyib.
Ukrayna lideri vurğulayıb ki, Kiyevə yalnız həmrəylik və qınaq deyil, hava hücumundan müdafiə sistemləri üçün raketlər də lazımdır.
“Ən vacib məsələ sadəcə həmrəylik və qınaq deyil, hava hücumundan müdafiə raketləri, həmçinin Rusiyaya bu mənasız müharibəni, bütün hücumlarını və terrorunu dayandıra biləcək təzyiqdir”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın əsas prioritetlərindən biri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin əldə edilməsidir. Zelenski həmçinin “NASAMS”, “IRIS-T”, “Hawk” və digər sistemlər üçün raketlərin vacibliyini vurğulayıb.
“Ümid edirəm ki, bütün tərəfdaşlarımız, ilk növbədə amerikalı tərəfdaşlarımız və Avropadakı dostlarımız anlayacaqlar ki, onların bizə, Ukraynaya yardım edib-etməməsindən real insanların həyatı asılıdır”, – Zelenski qeyd edib.
Krivoy Roq yaxınlığında evə raket zərbəsi
Daha əvvəl bildirilib ki, iyulun 30-na keçən gecə Ukraynaya qarşı kütləvi Rusiya hücumu zamanı Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunun Radüşno qəsəbəsində çoxuşaqlı Voronovlar ailəsinin yaşadığı evə “İsgəndər-M” ballistik raketi düşüb.
Məlumata görə, raket Voronej vilayətindən buraxılıb.
Zelenskinin sözlərinə görə, hücum nəticəsində ailənin valideynləri – Yelena və Artem, həmçinin üç övladı – Mark, Azariy İlay və Emiliya həlak olub.
23:36 30.07.2026
Oxunuş sayı: 36