İspaniyada meşə yanğınları davam edir: 11 min hektar ərazi külə dönüb
İspaniyanın Baş naziri Pedro Sançes Avila əyaləti və Madrid bölgəsində meşə yanğınları ilə əlaqədar tətbiq edilmiş milli fövqəladə vəziyyət rejiminin başa çatdığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.
Sançes Avilanın Navaluenqa bələdiyyəsində fövqəladə halların idarə edilməsi üzrə qərargaha səfəri zamanı bildirib ki, yanğınların miqyası nəzərə alınmaqla görülən tədbirlər effektiv olub.
Bununla belə, ölkədə meşə yanğınları ilə bağlı vəziyyət gərgin olaraq qalır. Kastiliya və Leon bölgəsində cümə axşamı səhər saatlarında 10 yanğın ocağının aktiv olduğu, onlardan üçünə ən yüksək təhlükə səviyyəsinin verildiyi bildirilib.
Zamora əyalətinin Fermoselle bölgəsində vəziyyət xüsusilə ağırdır. Burada İspaniyanın Hərbi Fövqəladə Hallar Bölməsinin dəstəyi ilə 50-dən çox yerüstü və hava vasitəsi yanğınla mübarizəni davam etdirir.
Məlumata görə, yanğın cəmi bir gün ərzində təxminən 11 min hektar meşə sahəsini məhv edib. Təhlükəli ərazidə yerləşən 14 yaşayış məntəqəsindən 800-dən çox sakin təxliyə olunub. Fermoselle və Farisa şəhərlərində əhalinin təcrid olunması rejimi tətbiq edilib.
Xilasetmə xidmətləri cümə axşamının ikinci yarısında küləyin güclənəcəyindən və yüksək temperaturun davam edəcəyindən narahatdır. Bu amillərin yanğınların söndürülməsini çətinləşdirə biləcəyi bildirilir.
Eyni zamanda Avila, Madrid və Toledo bölgələrində nəzarətə alınmış yanğınların yenidən alovlanmasının qarşısını almaq üçün tədbirlər davam etdirilir. İspaniyanın digər bölgələrində, o cümlədən Kastellon və Tarraqonada da vəziyyət nəzarətdə saxlanılır.
22:56 30.07.2026
Oxunuş sayı: 45