ABŞ Hərbi Dəniz Qüvvələri bahalı döyüş gəmisini vaxtından əvvəl istismardan çıxardı
ABŞ Hərbi Dəniz Qüvvələri sahilboyu döyüş gəmisi olan "USS Fort Worth (LCS-3)"-ü planlaşdırılan 25 il əvəzinə cəmi 13 illik xidmətdən sonra istismardan çıxarıb.
Crossmedia.az xəbər verir ki, "The National Interest" bu barədə məlumat yayıb.
Bildirilib ki, qərarın əsas səbəbi gəmini 2016-cı ildən bəri müşayiət edən xroniki texniki nasazlıqlar, xüsusilə də enerji qurğusundakı problemlər olub.
Nəşrin yazdığına görə, ABŞ donanmasının ən yeni və ən bahalı gəmilərindən birinin vaxtından əvvəl istismardan çıxarılması Konqres üzvlərinin də narazılığına səbəb olub. Qanunvericilər əvvəllər gəminin xidmət müddətinin uzadılmasına nail olsalar da, sonda Hərbi Dəniz Qüvvələri onun istismarının məqsədəuyğun olmadığını açıqlayıb.
Məlumata əsasən, "Freedom" sinfinə aid gəmilərin konsepsiyası terrorizmlə mübarizə dövründə hazırlanıb və müasir döyüş tapşırıqları üçün kifayət qədər effektiv olmadığı üzə çıxıb. Ayrı-ayrı sistemlər modernləşdirilsə də, bu tip gəmilər yüksək intensivlikli münaqişələrdə iştirak üçün məhdud silahlanmaya və zəif müdafiə imkanlarına malik hesab olunur.
İstismardan çıxarıldıqdan sonra "USS Fort Worth" gəmisindən yenidən istifadə oluna biləcək avadanlıqlar söküləcək. Gəminin korpusunun isə gələcəkdə süni rif kimi istifadə olunacağı gözlənilir.
10:32 30.07.2026
Oxunuş sayı: 53