Ukrayna Penzada “Wildberries” anbarına zərbə endirib
Rusiyanın Penza vilayətində yerləşən “Wildberries” şirkətinin logistika mərkəzi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və ərazidə güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ASTRA OSINT təhlilinə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum iyulun 30-na keçən gecə baş verib. Penza vilayətinin qubernatoru Oleq Melniçenko Ukrayna PUA-larının Bessonovski rayonunun Mastinovka kəndində yerləşən “Wildberries” anbarına zərbə endirdiyini təsdiqləyib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, təxminən 200 əməkdaş təxliyə olunub. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər, Fövqəladə Hallar Nazirliyinin qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qubernator əlavə edib ki, yanğın nəticəsində yaranan tüstü Penza şəhəri istiqamətində yayıla bilər və sakinlərə pəncərələri bağlı saxlamaq, xüsusilə uşaqlarla və ev heyvanları ilə açıq havada az vaxt keçirmək tövsiyə olunub.
ASTRA yayılan görüntüləri təhlil edərək yanğının Mastinovka kəndində yerləşən “Wildberries” logistika kompleksində baş verdiyini müəyyən edib.
Açıq mənbələrə görə, bu logistika kompleksi Volqaboyu Federal Dairəsinə xidmət göstərən iri paylama mərkəzidir. Penza vilayətinin hökumətinin məlumatına əsasən, tikinti tam başa çatdıqdan sonra kompleksin ümumi sahəsi təxminən 180 min kvadratmetr olacaq. Birinci mərhələsi isə artıq istismara verilib.
09:24 30.07.2026
Oxunuş sayı: 45