Zelenski Trampdan qışa qədər 300 “Patriot” raketi istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər Ukraynaya 300 ədəd “Patriot” hava hücumundan müdafiə raketinin verilməsini xahiş etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə o, “Axios” nəşrinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, bu raketlər olmadan Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirə və milyonlarla insanı qışda istiliksiz qoya bilər.
O bildirib ki, Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların verilməsi məsələsini dəstəkləyəcəyinə razılıq verib. Bununla belə, Zelenski qeyd edib ki, raketlərin istehsalı bir ildən beş ilədək vaxt apara bilər. Buna görə də Kiyevin hazırda istifadəyə hazır raketlərə ehtiyacı var.
Ukrayna Prezidenti əlavə edib ki, Kiyev “Patriot” sistemləri müqabilində ABŞ ilə hərbi texnologiyalarını bölüşməyə hazırdır. Onun sözlərinə görə, artıq Ukrayna və ABŞ şirkətləri Ukrayna texnologiyaları əsasında daha ucuz raketəleyhinə sistemlərin hazırlanması imkanlarını müzakirə edirlər.
17:03 29.07.2026
Oxunuş sayı: 37