Alimlər yuxu zamanı beynin enerjini necə sərf etdiyini müəyyənləşdiriblər
Yaponiyanın Tohoku Universitetinin tədqiqatçıları insanın ən çox yuxu gördüyü sürətli göz hərəkətləri (REM) mərhələsində beynin fəaliyyəti ilə bağlı maraqlı xüsusiyyət aşkarlayıblar.
Crossmedia.az xəbər verir ki, araşdırmanın nəticələri “Communications Biology” jurnalında dərc olunub.
Alimlər siçanların təbii yuxusu zamanı beynin fəaliyyətini müşahidə edərək müəyyən ediblər ki, REM mərhələsinin başlamasına təxminən 50 saniyə qalmış beyinə qan axını kəskin şəkildə artır. Bu zaman hüceyrələrə daha çox qida maddəsi və oksigen daxil olur.
Lakin tədqiqatçılar eyni vaxtda gözlənilməz hal qeydə alıblar: hüceyrələri enerji ilə təmin edən əsas molekul olan ATF-in neyronlardakı səviyyəsi azalır. Alimlərin fikrincə, bu, parlaq yuxular zamanı beynin enerjini o qədər intensiv sərf etdiyini göstərə bilər ki, onun ehtiyatlarını bərpa etməyə çatdırmır.
Tədqiqatçılar artan enerji sərfiyyatının yaddaşların formalaşması və möhkəmlənməsi, eləcə də yuxu zamanı neyronlar arasındakı əlaqələrin yenidən qurulması ilə bağlı ola biləcəyini düşünürlər.
Alimlər bildirirlər ki, nəticələr beynin enerji resurslarını necə bölüşdürdüyünü daha yaxşı anlamağa imkan verir. Tədqiqatçıların fikrincə, bu məlumatlar yuxunun beyin fəaliyyətindəki rolunu daha dərindən öyrənməyə və insanın intensiv yuxulardan sonra bəzən niyə yorğun oyandığını izah etməyə kömək edə bilər.
03:30 29.07.2026
Oxunuş sayı: 40