Qazaxıstanda Tokayev dövrü və islahatlar - yeni Konstitusiya nəyi dəyişəcək?
Qazaxıstan vətəndaşlarının 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib. Bu rəqəm ölkədə demokratik islahatlara və siyasi stabilliyə geniş ictimai dəstəyin mövcud olduğunu göstərir.
Yeni Konstitusiya layihəsinin qəbul edilməsi yalnız hüquqi sənədin yenilənməsi demək deyil – o, eyni zamanda dövlət idarəçiliyi sistemində islahatların dərinləşməsi, səlahiyyətlərin balanslaşdırılması və vətəndaşların hüquq və azadlıqlarının gücləndirilməsi üçün əsaslı platforma yaradacaq.
Ekspertlər hesab edirlər ki, layihənin təsdiqlənməsi Qazaxıstanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərə bilər. Çünki ölkə Avropa standartlarına yaxınlaşan islahatlar apararaq, siyasi və iqtisadi sahədə şəffaflıq və stabilliyi təmin etmək istiqamətində ciddi addımlar atır.
Beləliklə, yeni Konstitusiya layihəsi həm daxili siyasi inkişaf, həm də beynəlxalq aləmdə Qazaxıstanın mövqeyinin güclənməsi üçün əhəmiyyətli dönüş nöqtəsi ola bilər.
Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlama verib:

"Qazaxıstan normal inkişaf yolundadır. Özündə həqiqi mənasında demokratik dəyərlərin formalaşdırılması prosesi gedir. Ölkədə hələ də Nazarbayev dövründən qalan bəzi hallara rast gəlmək mümkündür – tayfabazlıq, qohumbazlıq və rüşvətxorluq kimi hallar mövcud idi. Lakin bu hallar demək olar ki, aradan qaldırılıb və bir xeyli səviyyədə azaldılıb. Ölkə tamamilə Avropa standartlarına uyğun inkişaf xətti seçibdir.
İndiki dövrdə ola bilsin ki, bəzi dövlət qurumlarının elementləri hələ də Avropa standartlarına tam uyğun gəlməsin, lakin ümumilikdə cəmiyyət sağlamdır və siyasi baxımdan da stabil hesab olunur. İdarəçilik sistemi effektivdir və insanların qarşısına çıxan problemlər tədricən həll olunur.
Prezident Kassım-Jomart Tokayev kifayət qədər bölgədə nüfuza malikdir və bu nüfuz getdikcə artır. Onun hərəkətləri, xüsusilə DKB – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyəti və Vladimir Putinə verdiyi siqnallar, onun nüfuzunu daha da yüksəldir. Qazaxıstan həm də zəngin ölkədir və bu zənginlik getdikcə daha da artır".
Ayhan
15:30 18.03.2026
Oxunuş sayı: 45