Azərbaycan - İndoneziya əlaqələri inkişaf edir: Asiyada mövqelərimiz möhkəmlənir
Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu Asiya ölkələri ilə əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradıb. Bu kontekstdə İndoneziya ilə münasibətlər xüsusi strateji əhəmiyyət daşıyır. Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan regionun dinamik inkişaf edən dövlətlərindən biri kimi İndoneziya tərəfindən etibarlı tərəfdaş olaraq dəyərləndirilir. İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helminin açıqlamaları iki ölkə arasında münasibətlərin artıq yalnız diplomatik səviyyədə deyil, çoxşaxəli və sistemli əməkdaşlıq mərhələsinə keçdiyini göstərir.
Səfirin bildirdiyinə görə, Bakı ilə Cakarta arasında möhkəm siyasi əsaslara söykənən, kompleks və inteqrasiya olunmuş əməkdaşlıq modeli formalaşdırılmalıdır. Bu yanaşma təkcə birdəfəlik təşəbbüsləri deyil, uzunmüddətli və qarşılıqlı fayda yaradan layihələri nəzərdə tutur. Məhz bu çərçivədə İndoneziya və Azərbaycanın iqtisadiyyat, enerji, kənd təsərrüfatı, sənaye, rəqəmsal texnologiyalar və turizm daxil olmaqla 24 perspektivli sahə üzrə əməkdaşlıq imkanlarını müəyyən etməsi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

Politoloq Elşad Mirbəşiroğlu ikitərəfli əlaqələrin inkişaf perspektivi barədə Crossmedia.az-a danışıb: "Hesab edirəm ki, Azərbaycanla İndoneziya arasında səmərəli əməkdaşlıq üçün hər iki tərəfin kifayət qədər ciddi potensialı mövcuddur. İlk növbədə nəzərə almaq lazımdır ki, İndoneziya özü-özlüyündə böyük və dinamik istehlak bazarıdır. Təxminən 290 milyonluq əhalisi ilə bu ölkə dünyada əhali sayına görə dördüncü yerdə qərarlaşıb. Bu isə eyni zamanda geniş istehlak imkanları deməkdir. Bu gün Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri ixrac potensialına malik sahələrin inkişaf etdirilməsidir. Qeyri-neft sektorunun genişləndirilməsi, dünya bazarlarına rəqabətqabiliyyətli məhsulların çıxarılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan İndoneziya bazarı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və burada möhkəmlənmək ölkə iqtisadiyyatına mühüm dividendlər qazandıra bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanla İndoneziya arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələr üzrə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi mövcuddur. Müstəqilliyimizin ilk illərindən etibarən iki ölkə arasında siyasi münasibətlər qurulmuş və uğurla inkişaf etdirilmişdir. Azərbaycan və İndoneziya İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda konstruktiv şəkildə əməkdaşlıq edir və tərəflər bir-birinin mövqelərini daim dəstəkləyirlər. Azərbaycan da eyni şəkildə İndoneziyanın beynəlxalq təşəbbüslərini dəstəkləyir və ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir. İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfirinin də vurğuladığı kimi, Azərbaycan Asiya ilə Avropanın kəsişməsində yerləşməklə unikal tranzit imkanları təqdim edir və bu, əməkdaşlıq üçün əlavə üstünlüklər yaradır".
Ekspert söyləyib ki, İndoneziyanın xarici iqtisadi və ticarət siyasətində Azərbaycanın özünəməxsus yeri vardır: "Bu, ilk növbədə enerji sahəsində əməkdaşlıqla bağlıdır. Belə ki, Səudiyyə Ərəbistanından sonra İndoneziyaya neft ixrac edən ikinci ölkə məhz Azərbaycandır. Bu fakt enerji sahəsində tərəfdaşlığın yüksək səviyyəsini nümayiş etdirir. 2021-ci ildə Azərbaycanla İndoneziya arasında enerji sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Tərəflər təkcə ənənəvi enerji mənbələri üzrə deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də əməkdaşlıq imkanlarını müzakirə edirlər".
Politoloq həmçinin İndoneziyada kənd təsərrüfatı sektorunun sürətlə inkişaf etdiyini və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar mövcud olduğunu qeyd edib: "Azərbaycan İndoneziyaya kənd təsərrüfatı üçün gübrə ixrac edir ki, bu da əməkdaşlığın perspektivli istiqamətlərindən biridir. Nəticə etibarilə demək olar ki, Azərbaycanla İndoneziya arasında çoxşaxəli və genişmiqyaslı əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan tərəfi bu imkanları real şəkildə qiymətləndirir və İndoneziya ilə əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır. Eyni zamanda, İndoneziya da Azərbaycanı strateji tərəfdaş kimi görür. Bir daha vurğulamaq lazımdır ki, İndoneziya inkişaf perspektivləri yüksək olan böyük müsəlman ölkəsidir. Ortaq dəyərlərin mövcudluğu və iqtisadi əməkdaşlığın genişləndirilməsinə qarşılıqlı maraq iki ölkə arasında münasibətlərin konstruktiv xarakter daşıdığını göstərir".
Elmir Heydərli
14:43 11.02.2026
Oxunuş sayı: 1039