Maduro istefa verir? - Səddam Hüseynin taleyini yaşamamaq üçün buna məcburdur
İddialara görə Venesula Prezidenti Nikolas Maduro istefa verməyə hazırdır. Bu, Latın Amerikasında siyasi dinamikanı tamamilə dəyişə biləcək hadisə kimi qiymətləndirilir. Bu açıqlama həm Venesuelanın daxilində, həm də beynəlxalq arenada yeni proseslərin başlanğıcını işarə edir. Maduronun mümkün istefası ölkədə uzun illərdir davam edən siyasi böhranın taleyini müəyyənləşdirə, ABŞ-la münasibətlərin tonunu dəyişə və regionun geosiyasi balansına ciddi təsir göstərə bilər. Əsas sual isə budur ki, Maduro hakimiyyətdən gedərsə, Venesuelada güc balansı necə müəyyən ediləcək?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib: "Görünür ki, Nikolas Maduro artıq hakimiyyətdən devrilmək riskini dərk edir və istefa variantı üzərində ciddi şəkildə düşünməyə başlayıb. Bu addım, əslində, kifayət qədər məntiqli görünür. Çünki istefa prosesi həm ABŞ-la münasibətlərin nisbətən normallaşmasına yol aça, həm də Maduronun özünə təhlükəsiz gələcək qurmasına imkan verə bilər. Maduro yaxşı anlayır ki, ABŞ-la bu məsələdə açıq qarşıdurmaya girmək mənasızdır. Vaxtilə Vaşinqton hansısa lideri devirmək qərarına gəlibsə, proses çox vaxt öz yolunu tapıb. ABŞ bu dəfə də Maduronu hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyibsə, bunun baş tutma ehtimalı kifayət qədər yüksəkdir. Çünki Vaşinqtonun hərbi müdaxilə variantı da masadadır və belə bir ssenari Venesuela üçün ağır fəsadlara səbəb ola bilər".
Ekspert əlavə edib ki, tarixdə Səddam Hüseyn nümunəsi var: "Vaxtilə Oğul Buş administrasiyası Səddama hakimiyyətdən könüllü şəkildə getməyi təklif etmişdi. Səddam bu şansı dəyərləndirmədi və nəticədə ABŞ-la müharibəyə girdilər. Bunun sonu həm İraq üçün fəlakət oldu, həm də Səddam və onun komandası üçün faciə ilə bitdi. Ölkə faktiki olaraq dağıldı, parçalandı və bu gün də tam sabitlik bərpa olunmayıb. Maduro da eyni ssenarinin Venesuelada təkrarlanmasını istəmir. ABŞ-ın, xüsusilə də Tramp administrasiyasının əsas məqsədi Maduronu devirmək, özünə yaxın hakimiyyət qurmaq və dünyanın ən zəngin neft ehtiyatlarından birinə sahib olan Venesuelaya nəzarəti ələ keçirməkdir. Vaşinqton bunun üçün həm siyasi, həm iqtisadi, həm də mümkün olarsa, hərbi təzyiq vasitələrindən istifadə etməyə hazır görünür".
Z.Əmrəliyev son olaraq bildirib ki, bununla belə, Venesuela siyasi elitasının böyük hissəsi Amerikanın açıq müdaxiləsinə imkan vermək niyyətində deyil: "Ona görə də Maduro üçün ən uyğun yol sakit şəkildə istefa verərək təhlükəsizlik zəmanəti ilə hakimiyyətdən uzaqlaşmaqdır. Əks halda, qarşıdurmaya girməsi Səddam Hüseynin aqibəti ilə nəticələnə bilər. Hazırda beynəlxalq hüquq və beynəlxalq birlik dediyimiz sistem faktiki olaraq böyük dövlətlərin, xüsusilə də ABŞ-ın təsiri altındadır. Vaşinqton hərbi müdaxilə qərarı versə, ciddi beynəlxalq təzyiqdən çəkinəcəyini demək çətindir. Bu isə Venesuelada vəziyyəti daha da ağırlaşdıra bilər".
Ayhan
13:18 01.12.2025
Oxunuş sayı: 4597