Tramp “düyməyə basıb”: Maduro Əsədin taleyini yaşaya bilər
ABŞ Maliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronu və onun tərəfdarlarını xarici terror təşkilatının üzvləri kimi tanıdığını rəsmi şəkildə açıqlayıb. “Cartel de los Soles” adlanan və Venesuela ordusundakı bəzi qruplarla əlaqələndirilən bu şəbəkə narkotik ticarətində iştirak edən korrupsiyalaşmış məmurların fəaliyyəti kimi xarakterizə olunur.
Bu addım ABŞ Prezidentinə Maduro və komandasına qarşı əlavə maliyyə və iqtisadi sanksiyalar tətbiq etməyə imkan verir. Hüquqşünaslar bildirirlər ki, qərar hərbi güc tətbiqi üçün hüquqi əsas yaratmır. Bununla belə, Vaşinqton rəsmiləri bunu terrorizmə qarşı mübarizədə ən sərt vasitələrdən biri kimi qiymətləndirir və Venesuela ilə bağlı ABŞ-ın hərbi manevr imkanlarını genişləndirdiyini vurğulayırlar.
Maduro hökuməti isə narkotik ticarəti iddialarını və “Cartel de los Soles”in mövcudluğunu tamamilə rədd edir; bəzi ekspertlər də kartelin real olmadığını düşünür.
Bu məsələ ilə bağlı Crossmedia.az-a danışan beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı bildirib ki, Venesueladakı proseslər artıq son nümunə kimi göstərdiyimiz Suriyadakı vəziyyətə bənzəməyə başlayır: “Əvvəllər ABŞ Suriya məsələsində bir o qədər aktiv rol oynamamışdı, əsas fəaliyyəti Türkiyə göstərmişdi. Əfqanıstan, İraq və eləcə də bəzi Afrika ölkələrində ABŞ bu tipli “bəhanələrlə” öz planlarını həyata keçirməyə çalışıb və böyük ölçüdə buna nail olub. Bunun üçün yalnız Əfqanıstan və İraq nümunələrini çəkmək kifayətdir. Hesab edirəm ki, Maduro üçün yolun sonu görünməyə başlayıb. Son proseslər də göstərir ki, Venesuelada hakimiyyət dəyişikliyi əsas məsələyə çevrilib. Xüsusilə də Rusiya–Ukrayna müharibəsi fonunda ABŞ-a sərf edən 28 bəndlik “Tramp planı”nın hazırlanması vəziyyəti daha da çətinləşdirə bilər. Bilirsiniz ki, Maduronu dəstəkləyən əsas ölkə Rusiyadır. Bundan əvvəl də Maduro ilə bağlı bu tipli proseslər bir neçə dəfə başlanıb Hesab edirəm ki, artıq Maduro da, Bəşər Əsəd kimi, oxşar taleyi yaşaya bilər. Tezliklə bunu Moskvada da görə bilərik. Başqa yol qalmayıb, proseslər tükənməkdədir. Bu ittiham olduqca ciddi və ağır ittihamdır. Bu ad altında hətta Venesuelaya “terror təşkilatını sıradan çıxarmaq” bəhanəsi ilə müdaxilə də edilə bilər”.

Onun fikrincə, proseslər getdikcə daha da dərinləşəcək və artıq “düymə basılıb”: “Biznesmen Tramp böyük təbii sərvətlərə sahib olacaq və Venesuelada hakimiyyət qurmaq üçün, təbii sərvətlərin böyük bir qisminə nəzarəti ələ keçirmək məqsədilə son addımları atacaq. Bu, bu il də, gələn il də baş verə bilər, hətta 2028-ci ilə qədər uzana bilər. Amma mütləq şəkildə bu addım atılacaq”.
Fatimə Eynullazadə
19:18 25.11.2025
Oxunuş sayı: 1037