Zəfər – Birliyin, Namusun və Qəhrəmanlığın adı
Zəfər! Bu söz özündə nə qədər dərin məna, nə qədər ucalıq, nə qədər qürur daşıyır! “Zəfər” – sadəcə bir kəlmə deyil, bir millətin ruhunu, tarixini, iradəsini özündə ehtiva edən müqəddəs bir addır.
Nədir zəfər?
Zəfər – xatırlamaqdır. Xalqımızın başına yüz illərlə gətirilən bəlaları, haqsızlıqları, əsassız ittihamları xatırlamaq. Bizi bölənləri, parçalamaq istəyənləri, yurdumuza soxulan yad məmurları, əzilməyən, sınmayan xalqımızın iradəsini xatırlamaq – bu, özü bir zəfərdir.
Zəfər – məğlubiyyətdə belə məğrurluqdur.
1990-cı illərin o qaranlıq günlərini, Qarabağ faciəsini, yurdundan didərgin düşən bir milyon soydaşımızı, silah qundağı altında evindən qovulan yaşlıları, körpələri, qız-gəlinləri yada salaq. O ağrının, o təhqirin içində belə düşmənə baş əyməyən, ac qalsa da qeyrətindən dönməyən, mərdliyini qoruyan Azərbaycan kişisinin duruşu – zəfərin özüdür. Zəfər – Azərbaycan kişisinin qeyrətidir!
Zəfər – Azərbaycan qadınının ləyaqətidir.
O çətin illərdə, o murdar düşmənin silahı qarşısında belə iffətini, namusunu qoruyan qızlarımızın, gəlinlərimizin mərdliyi – ən uca zəfər nümunəsidir.
Zəfər – mərhəmətdir.
Zəfər – Qarabağdan didərgin düşən soydaşına qucaq açan xalqdır. Öz evini məcburi köçkünə verib kirayədə qalan vətəndaşdır. Zəfər – bu millətin qəlbindəki mərhəmətin, həmrəyliyin təntənəsidir.
Zəfər – inkişafdır.
Cəsarətli, vətənpərvər gənclərin böyüməsi, oxuması, uğur qazanması, güclü və peşəkar ordunun qurulması, savadlı kadrların yetişdirilməsidir.
Zəfər – dünyaya haqq səsini eşitdirməkdir.
Kiçik bir dövlətin bütün nəhənglərə “Qarabağ Azərbaycandır!” deyə hayqırmasıdır. Qarabağı görməyən gənclərin Qarabağ üçün döyüşməsidir. Zəfər – uğurlu diplomatiya, ədalətli siyasət və strateji düşüncə ilə dünyanı susdurmaq, haqqı bərpa etməkdir.
Zəfər – xalqın evindədir.
Yaşlılıq təqaüdünü fonda verən nənənin evində, əsgər maşınına bir kaset meyvə verən dayının sükanında, kürəyində Azərbaycan bayrağı daşıyan beş yaşlı uşağın ürəyində, əsgər anasının gözündəki bir gilə yaşda.
Zəfər – ön cəbhədə və arxa cəbhədədir.
Cəbhədə döyüşən atanın ürəyində, onun üçün darıxan uşaqların intizarında. Zəfər – dul qalan gəlinlərdə, atasız böyüyən uşaqlarda, oğulsuz qalan analarda yaşayır.
Bu zəfər heç bir zəfərə bənzəmir. Azərbaycan xalqı bu zəfəri çoxdan qazanmışdı – sadəcə, bunu dünyaya qəbul etdirmək zaman aldı. Bizim zəfərimiz – bizim birliyimizdir.
Bu zəfəri nə biz, nə düşmən unutmamalıdır. Biz hər zaman nəyin bahasına qazandığımızı xatırlamalıyıq, düşmən isə qarşısındakı ordunun 10 milyon nəfərdən ibarət olduğunu heç vaxt yaddan çıxarmamalıdır.
Bu gün – Zəfər Günüdür!
Bu gün Şuşamızın azad olunduğu gündür. Bu gün Qarabağı qaytarıb özü qayıtmayan Xudayarların, Cəbrayılların və onların timsalındakı üç min igidin günüdür.
Bu gün təkcə Zəfər Günü deyil, bu gün Birlik Günüdür, Millət Günüdür, Namus Günüdür!
Bu birliyi, bu zəfəri öz qəlbində hiss edən hər bir Azərbaycan vətəndaşını təbrik edirəm.
Bizə Zəfər yaraşır! Bizə Qalibiyyət yaraşır!
23:56 08.11.2025
Oxunuş sayı: 1149