Hindistan “iki od arasında”: Rusiyanı seçəcək, ya ABŞ-ni?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistanın Baş naziri Narendra Modi ona Rusiya neftinin alınmasını dayandırmağa hazır olduqlarını bildirib.
Bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
"O, bu gün məni Rusiyadan neft almayacaqlarına əmin etdi. Bu, böyük dayanmadır. İndi mən əmin olmalıyam ki, Çin də eyni şeyi edəcək", - Tramp deyib.
Tramp vurğulayıb ki, Hindistanın Rusiya neftini dayandırması prosesi artıq başlayıb: "Bunu dərhal etmək mümkün deyil; proses var. Amma proses tezliklə başa çatacaq və Ukrayna ilə müharibə bitəndən sonra Rusiyadan neft almağa davam edəcəklər. Hindistan Rusiyadan neft almasa, o zaman işlər daha sadə olacaq", - ABŞ Prezidenti bildirib.
Eyni zamanda ABŞ administrasiyasının rəhbəri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılmasına razılıq verəcəyi ilə bağlı fikirlərini bildirib: "Məncə, Prezident Putin buna nail olmaq istəyir".
Məlum olduğu kimi, ABŞ bir çox dövlətdən, o cümlədən Hindistandan Rusiyadan enerji alışını dayandırmağı tələb edir. Çünki Rusiya ilə alış – veriş bu dövlətin sanksiyalardan yayınmasına şərait yaradır. Bu da artıq Kreml rəhbəri Vladimir Putinin “əlindən zəncir çeynəyən” ABŞ lideri Donald Trampın siyasi maraqlarına uyğun deyil.
Belə bir şəraitdə Hindistan seçim etməlidir: Ya ABŞ-nin dediklərini edərək Rusiya ilə münasibətlərini korlamalı, ya da Trampa məhəl qoymamalıdır.
Sözügedən bəyanatı Crossmedia.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Hindistanın bu qərarı iqtisadi və siyasi ehtiyatlılıqdan irəli gəlir: “Hindistan daha çox Qərb dövlətləri, xüsusilə Böyük Britaniya və ABŞ ilə əlaqədədir. Onun Çin qədər iqtisadi inkişafı və beynəlxalq nüfuzu yoxdur. Bu səbəbdən Hindistan ehtiyatlı davranmağa məcburdur və Rusiyaya görə Qərblə münasibətlərini pozmaq istəmir”.
Politoloqun fikrincə, Hindistandakı Narendra Modi hökumətinin bu addımı ölkə üçün iqtisadi itkilərin qarşısını almağa yönəlib: “Hindistan anlayır ki, Rusiya ilə enerji sahəsində əməkdaşlığın kəskin məhdudlaşdırılması ciddi iqtisadi və siyasi itkilərə səbəb ola bilər. Buna görə də Modi bu məsələdə balanslı siyasət yürütməyə çalışır.”
S.Hümbətov həm də qeyd edib ki, Dehli Moskva neftindən imtina etməsi alternativ enerji bazarlarının genişləndirilməsi ilə bağlıdır: “Ola bilər ki, Hindistan nefti Rusiyadan almadığı müddətdə İran, Azərbaycan və ya daha ucuz qiymətə Səudiyyə Ərəbistandan alsın. Alternativlər kifayət qədərdir. Amma prosesin əsas məqsədi Hindistanın nefti hardan alacağı deyil, Rusiyanı bu sahədən sıxışdırmaq və izolyasiya etməkdir. Modinin bu mövqeyinin arxasında həm də yeni bazar əldə etmək və Qərblə qarşıdurmadan yayınmaq istəyi dayanır. Hindistan multietnik və Qərb təsirinə açıq bir cəmiyyətdir. Buna görə də qərb koalisiyasını itirməkdənsə, bir ölkə ilə münasibətləri məhdudlaşdırmaq daha məqsədəuyğundur. Modi Rusiyanı tam itirmək istəmir, sadəcə fərqli sahələrdə ticarəti davam etdirmək niyyətindədir.”
Fatimə Hacıəliyeva
21:34 17.10.2025
Oxunuş sayı: 1925