Əfqanıstan-Pakistan toqquşması: “Kulis”dəki qüvvələr...

Pakistan ordusu Əfqanıstanla sərhəddə Taliban yaraqlılarının hücumunu dəf edib. “Dawn” və “Daily Pakistan” nəşrlərinin təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərlərə görə, silahlı toqquşmalar Xeyber-Paxtunxva və Bəlucistan əyalətlərində – Anqor-Adda, Kurram, Çitral və Baram-Çah bölgələrində baş verib.
Məlumata əsasən, Pakistan ordusu hücuma cavab olaraq təyyarə və pilotsuz uçuş aparatlarını havaya qaldırıb, həmçinin artilleriya və tanklardan istifadə edib. “Dawn” yazır ki, Əfqanıstan qüvvələri ciddi itkilər verib, Pakistan Dövlət Radiosu isə bildirir ki, Taliban yaraqlıları bir neçə bölgədən geri çəkilib.
Tərəflər arasındakı silahlı toqquşma ilə bağlı siyasi şərhçi Kənan Novruzov Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Əfqanıstan–Pakistan sərhədində baş verən son silahlı insident ilk belə hal deyil: “Bu cür gərginliklərin kökündə iki ölkə arasındakı tarixi münasibətlər və hazırkı siyasi proseslər dayanır. Ümumiyyətlə, Əfqanıstan–Pakistan sərhədində əvvəllər də oxşar hallar müşahidə olunub. Bu, ilk hadisə deyil. Bu cür gərginliklərin əsas səbəblərindən biri də məhz iki ölkə münasibətlərinin mürəkkəb tarixi və hazırkı mövcud siyasi proseslərdir”.
Siyasi şərhçi, həmçinin hesab edir ki, bu hadisələrin arxasında dünyada gərginlik ocaqlarını zaman-zaman qızışdırmaqda maraqlı olan imperialist qüvvələrin təsiri də var: “Dünyada belə gərginlikləri “kulis”də idarə edən imperialist qüvvələr var. Onlar çox vaxt görünmürlər, lakin hadisələrin gedişinə təsir göstərirlər. İstisna etmirəm ki, bu dəfəki Əfqanıstan–Pakistan gərginliyi də məhz həmin görünməyən qüvvələr tərəfindən idarə olunub.”
Ekspertin fikrincə, vəziyyətin yaranmasında Əfqanıstan ordusundakı idarəetmə problemləri də rol oynamış ola bilər: “Pakistandan fərqli olaraq, Əfqanıstan ordusu vahid mərkəzdən idarə olunmur və koordinasiyalı fəaliyyət göstərmir. Ola bilər ki, bu dəfəki gərginlik məhz ordudakı müəyyən başıpozuqluğun nəticəsində yaranıb. Düşünürəm ki, insident uzun çəkməyəcək və bir neçə gün ərzində öz həllini tapacaq”.
Gülbəniz Bayramova
11:34 12.10.2025
Oxunuş sayı: 2038