Belə olmur, yoldaşlar!

Azərbaycanda nəqliyyat və infrastruktur layihələri hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Xüsusilə də Bakı şəhərində nəqliyyat fəaliyyətinin təşkili dövlət başçısının önəm verdiyi mühüm məsələlərdəndir. Prezident İlham Əliyevin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı da buna bariz nümunədir. Sərəncam Bakı və ətraf ərazilərdəki nəqliyyat və infrastrukturun təkmilləşdirilməsi məsələsini etiva edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də bu istiqamətdə gördüyü bir sıra müsbət fəaliyyətlər mövcuddur. Bütün bu məqamlar Azərbaycanda, xüsusilə də Bakı şəhərində nəqliyyat fəaliyyətinin təşkili və tənzimlənməsində mühüm rol oynayır.
Lakin son dönəmlərdə Nazirliyin və onun tabeliyində olan AYNA (Yerüstü Nəqliyyat Agentliyi) kimi qurumların qəbul etdiyi qərarlar mövcud durumu sabitləşdirmək əvəzinə, gərginləşdirir. Hava limanları hər bir ölkənin “üzüdür”. Burada turistlər yalnız ilk addımlarını atmır, həm də həmin ölkə haqqında ilkin təsəvvür formalaşdırır. Amma təəssüf ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilən yeni qaydalar həm turistlərin, həm də Azərbaycan vətəndaşlarının yaddaşında xoş olmayan izlər buraxır.
Sentyabrın 8-dən etibarən aqreqatorlarla (Bolt, Yango və s.) çalışan sürücülərin aeroportun ərazisində sifariş qəbul etməsinə faktiki olaraq qadağa qoyulub. Nəticədə hava limanına sərnişin gətirən bütün sürücülər sərnişini düşürdükdən sonra dərhal geri qayıtmalı olur. Bu, açıq-aşkar məhdudlaşdırıcı və diskriminasiyalı bir addımdır. Əgər söhbət sərnişindaşımanın qanuni tənzimlənməsindən gedirsə, onda nəqliyyat haqqında qanunvericilikdə “rəqabətin qorunması”, “istehlakçı hüquqlarının təminatı” və “qiymətlərin əsassız qaldırılmaması” prinsipləri nəzərə alınmalı idi.
Lakin əksinə, vəziyyət elə bir hala gətirilib ki:
Aeroporta sərnişin gətirən sürücü geriyə boş qayıtmağa məcburdur;
Aqreqator tətbiqləri (Bolt, Yango və s.) sürücü aeroportun ərazisini tərk etmədən yeni sifariş qəbul edə bilmir;
Şlaqbaumdan çıxandan sonra da yaxın ərazilərdə dayanma və park etmə qadağandır;
Bu isə açıq şəkildə sürücülərin iqtisadi fəaliyyət azadlığının pozulmasıdır.
Daha da absurddur ki, sərnişinlər geri dönüşdə yalnız “London taksi” və ya “Bolt Airport” bölməsindən istifadə etməlidirlər. Qiymətlər isə əvvəlkindən dəfələrlə bahadır – 10 manatlıq məsafə indi 25 manata başa gəlir. Bəs sual olunur: eyni marşrutun qiyməti bir gecənin içində hansı hüquqi əsasla ikiqat bahalaşır?
Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinə görə, süni qiymətartımı və ya rəqabətin məhdudlaşdırılması qadağandır. Burada isə açıq-aşkar inhisar yaradılır. “Turistlərin aldadılmasının qarşısını almaq” adı altında tətbiq edilən bu qərar əslində sərnişinlərin hüquqlarını kobud şəkildə pozur.
Üstəlik, fəaliyyətinə icazə verilən taksilər niyə vahid formada, interval və cədvəl üzrə hərəkət etmir? Niyə onların taksi olduğunu yalnız yaxınlaşanda başa düşməliyik? Niyə 25 manatlıq taksidə bizdən başqa da sərnişin olmalıdır? Niyə ödənişdə xarici kart qəbul edilmir?
Bütün bunlar istehlakçı hüquqlarının müdafiəsi haqqında qanuna ziddir. Çünki sərnişin ödəniş vasitələrini seçməkdə azad olmalıdır. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik prinsipini təsbit edir. Burada isə vətəndaşlar və turistlər açıq şəkildə ayrı-seçkiliyə məruz qalır.
Hazırda sosial mediada bu məsələ ciddi narazılıq doğurub. İnsanlar haqlı olaraq sual edirlər: Nə üçün Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) bu qədər ciddi ictimai narazılıq fonunda səssiz qalır? Əgər AYNA hansısa yeni layihə həyata keçirirsə, bu layihə yalnız turistləri deyil, Azərbaycan vətəndaşlarını da qane etməlidir. Əks halda, bu, qanun pozuntusudur və məsuliyyət doğurur.
Ən azı AYNA öz layihəsini tam şəkildə əhatəli etməli, hüquqi əsaslandırmalarını açıq şəkildə ictimaiyyətə təqdim etməli idi. Əks halda, bu qərar nəqliyyat sahəsində yeni bir problemə çevrilir.
Ayhan
16:42 19.09.2025
Oxunuş sayı: 1986
