Argentina iqtisadiyyatı yenidən resessiyaya sürüklənir
Argentina iqtisadiyyatının 2026-cı ilin üçüncü rübündə də kiçildiyi və ölkənin texniki resessiyaya daxil olduğu ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, “La Reforma” nəşri bu barədə məlumat yayıb.
Analitiklərin qiymətləndirmələrinə əsasən, Argentina iqtisadiyyatı ardıcıl iki rüb ərzində geriləmə nümayiş etdirib. Bu isə texniki resessiyanın əsas göstəricilərindən hesab olunur.
“Orlando Ferreres y Asociados” konsaltinq şirkətinin hesablamalarına görə, üçüncü rübdə iqtisadi fəallıq 1,2 faiz azalıb. Digər təhlillərdə isə geriləmənin 2,66 faizə çata biləcəyi bildirilir.
İqtisadi vəziyyətin pisləşməsi fonunda bir sıra konsaltinq şirkətləri 2026-cı il üzrə artım proqnozlarını 1 faizə və ya daha aşağı səviyyəyə endiriblər.
Bu göstəricilər Argentina hökumətinin nəzərdə tutduğu 3 faizlik iqtisadi artım proqnozundan xeyli aşağıdır.
Beynəlxalq Valyuta Fondu (BVF) da ölkə iqtisadiyyatı ilə bağlı gözləntilərini azaldıb. Fond 2026-cı il üzrə artım proqnozunu əvvəlki 3,5 faizdən 2,1 faizə endirib.
İqtisadi zəifləməyə daxili istehlakın azalması, sənaye və ticarət sektorlarında fəallığın zəifləməsi, eləcə də sərt maliyyə siyasəti təsir göstərir.
Bununla belə, Argentina Mərkəzi Bankı ilin sonuncu rübündə iqtisadi fəallığın bərpa olunacağını gözləyir.
Qeyd edək ki, üçüncü rüb üzrə yekun rəsmi ümumi daxili məhsul göstəricilərinin dekabr ayında açıqlanması nəzərdə tutulur. Buna görə də texniki resessiya ilə bağlı nəticələr hələlik özəl analitiklərin qiymətləndirmələrinə əsaslanır.
14:24 14.11.2026
Oxunuş sayı: 98