Bu ərzaqlar dərini cavanlaşdırır
Dərinin qocalması ilə mübarizə aparmaq üçün qidalanma tərzinizi tənzimləmək, qocalma əleyhinə kremlərdən və ya serumlardan istifadə etmək qədər təsirli ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kələm və ispanaq kimi yaşıl tərəvəzlər dərinin elastikliyini qorumağa kömək edir, Omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar isə dərinin nəmli qalmasını təmin edir.
Yaşlandıqca dərinizin daha az dolğun görünməsinin səbəbi odur ki, 20-li yaşlarınızın ortalarından etibarən dəriyə struktur və möhkəmlik verən zülal, kollagen sürətlə parçalanmağa başlayır. Bu o deməkdir ki, dərimizin qalınlığı və möhkəmliyi hər il təxminən 1,5 faiz azalır. Dermatoloq və nutrisionist (qidalanma mütəxəssisi) Dr. Thivi Maruthappunun sözlərinə görə, bu prosesdə genetika, günəşin vurduğu zərər və ətraf mühitin çirklənməsi kimi amillərlə yanaşı, qidalanma vərdişlərimiz də mühüm rol oynayır.
Orqanizmin su balansını qorumaq dəri sağlamlığı üçün çox vacibdir. Lakin mayelərin dərimizə konkret təsiri ilə bağlı mövcud dəlillər tam aydın deyil. Bəzi tədqiqatlar daha çox su içməyin dərinin nəmlənməsinə kömək edə biləcəyini göstərsə də, külli miqdarda su qəbul etməyin dərini daha gənc göstərməyin qısa yolu olduğunu təsdiqləyən sübutlar olduqca azdır.
Digər tərəfdən, qəhvə mülayim miqdarda qəbul edildikdə, qocalma əleyhinə faydalar təmin edir. O, hüceyrə səviyyəsində oksidləşdirici stressi azaldan və sərbəst radikalları zərərsizləşdirən antioksidantlarla zəngindir. Dr. Maruthappu qidalanmanızı antioksidantlarla daha da zənginləşdirmək üçün tünd rəngli meyvələrin (məsələn, qaragilə) yeyilməsini, yaşıl çay içilməsini və yemək hazırlayarkən sumaqdan istifadə olunmasını tövsiyə edir.
05:23 14.11.2026
Oxunuş sayı: 34