Zelenskidən “Starshield” məhdudiyyətlərinə etiraz
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində istifadə olunan “Starshield” peyk rabitə sisteminə tətbiq edilən sürət məhdudiyyətlərinin Rusiya pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizəni çətinləşdirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytı bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynada cəbhə xətti boyunca və müvəqqəti işğal edilmiş ərazilərdə “Starshield” sisteminin fəaliyyətinə yenidən məhdudiyyətlər tətbiq olunub.
“Təəssüf ki, bütün cəbhə xətti boyunca və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qüvvələrimiz üçün saatda 161 kilometr (100 mil) sürət məhdudiyyəti qüvvədə qalır. Biz hələ də bununla bağlı aydın izahat almamışıq”, – deyə Ukrayna lideri bildirib.
O qeyd edib ki, məhdudiyyətlər Ukrayna qüvvələrinin Rusiyanın reaktiv mühərrikli “Şahed” dronlarını zərərsizləşdirmək imkanlarına birbaşa təsir göstərir.
Zelenskinin sözlərinə görə, cəbhə xəttinə yaxın ərazilərdə Ukrayna qüvvələri təyyarələrdən istifadə edə bilmir və əsasən dronları zərərsizləşdirən pilotsuz uçuş aparatlarına güvənirlər.
Sürət məhdudiyyəti isə həmin aparatların Rusiya dronlarına vaxtında çatmasına mane olur.
Ukrayna Prezidenti bildirib ki, Kiyev məhdudiyyətlərin səbəblərini aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqə saxlayır, lakin hələlik dəqiq izahat əldə olunmayıb.
16:36 13.11.2026
Oxunuş sayı: 96