Rusiya-Ukrayna müharibəsinin bitməsinə mane olan əsas amil açıqlanıb
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər yenidən intensivləşib. ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən Moskva-Kiyev danışıqları münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaratsa da, tərəflər arasında mövcud olan ciddi fikir ayrılıqları sülh perspektivini hələ də sual altında saxlayır. Xüsusilə ərazi məsələləri, müharibədən sonrakı təhlükəsizlik təminatları və qarşılıqlı etimadsızlıq danışıqların qarşısında əsas maneələr olaraq qalır. Görünən odur ki, diplomatik təmasların bərpası müsbət addım olsa da, müharibənin başa çatması üçün hələ uzun və mürəkkəb siyasi prosesdən keçmək lazım gələcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli qeyd edib ki, Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən danışıqlar müharibənin dayandırılması istiqamətində yeni bir cəhd kimi qiymətləndirilə bilər: “Danışıqlarda müəyyən irəliləyiş əldə olunduğu bildirilir. Amma bu müharibənin başa çatdırılması demək deyil.
Danışıqların konkret nəticəsi kimi hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşmanı göstərmək olar. Bundan başqa, müharibədən sonrakı təhlükəsizlik təminatları məsələləri də müzakirə edilib. ABŞ nümayəndələri tərəflər arasında etimadın olmadığını və ərazi məsələlərinin ən mürəkkəb problem olaraq qaldığını etiraf ediblər”.

M.Rəhimli qeyd edib ki, müharibənin yaxın vaxtlarda başa çatmasına mane olan əsas amil Moskva və Kiyevin müharibədən sonrakı reallıqlarla bağlı fərqli mövqeləridir: “Rusiya Donbasın tamamilə öz nəzarətinə verilməsini tələb edir. Ukrayna isə ərazi güzəştlərini qəbul etmir. Kiyev eyni zamanda gələcəkdə Rusiyanın yenidən hərbi müdaxiləsinin qarşısını ala biləcək etibarlı beynəlxalq təhlükəsizlik təminatları istəyir. Moskva isə bütövlükdə Avropada təhlükəsizlik münasibətlərinin yenidən qurulmasını müzakirə etmək niyyətindədir. Ona görə də Əbu-Dabi danışıqlarını müharibənin başa çatması ilə nəticələnəcək razılaşmanın əldə olunması kimi qiymətləndirmək tezdir. Bununla belə danışıqların bərpası müəyyən ümidlər yaradır. Xüsusilə ABŞ nümayəndələrinin Putinlə, daha sonra isə Zelenski ilə görüşlərinin nəticələri danışıqların gələcəkdə effektivliyinə təsir göstərəcək. Hələ ki, hərbi əməliyyatların davam etməsi və qarşılıqlı hücumlar tərəflərin kompromisə hazır olmadığını göstərir. Buna görə də yaxın perspektivdə atəşkəs, əsir mübadiləsi və mərhələli razılaşmaların əldə olunması daha real görünür”.
Ayhan
18:00 13.11.2026
Oxunuş sayı: 102