Düyməyə basılıb: Avropada siyasi landşaft dəyişir
Avropanın bir sıra ölkələrində davam edən etiraz aksiyaları hökumətlərlə narazı qruplar arasında gərginliyi artırmaqda davam edir. Sosial-iqtisadi problemlər, bahalaşma, enerji böhranı və siyasi qərarlara narazılıq fonunda küçələrə çıxan etirazçılar tələblərinin yerinə yetirilməsini istəyir. Hökumətlərin mövqeyindən geri çəkilməməsi isə qarşıdurmanın daha da dərinləşməsinə səbəb olur. Diqqətçəkən məqamlardan biri də bu aksiyalarda gənclərin, xüsusilə "Z" nəslinin fəal iştirakıdır. Bəs Avropada baş verən etirazların arxasında yalnız daxili problemlər dayanır, yoxsa proseslərə xarici qüvvələrin də təsiri var? Bu aksiyalar gələcəkdə siyasi böhranlara, hakimiyyət dəyişikliklərinə və hətta dövlət başçılarının istefasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq İlqar Vəlizadə qeyd edib ki, bu etirazların xaricdən müdaxilə ilə əlaqəsi yoxdur: “Ümumiyyətlə, etirazların geneologiyası, yəni təməli daxili sosial-iqtisadi və siyasi problemlərə dayanır. Bu problemlər illərdir yığılıb qalıb və həll olunmayıb. Son illər ərzində Avropa ölkələrinin əksəriyyətində iqtisadi vəziyyət çətinləşib. Belə ki, enerji daşıyıcılarının qiymətləri artıb. COVID-19 pandemiyasından sonra yaranan böhranlı vəziyyət bir çox ölkələrdə tamamilə aradan qaldırılmayıb. Bunun əsas səbəblərindən biri də pandemiyadan dərhal sonra Rusiya-Ukrayna müharibəsinin başlamasıdır. Milyardlarla dollar vəsait həmin müharibəyə, yəni Ukraynanın müdafiəsinə yönəldilir. Bununla yanaşı, enerji böhranı da davam edir. Belə demək mümkündürsə, bir enerji böhranı digərini əvəz edir. Pandemiya dövründə təchizat zəncirlərinin pozulması ilə əlaqədar müəyyən enerji böhranı yaşanırdı. Rusiya-Ukrayna müharibəsi bu böhranın ikinci dalğasını yaratdı. İndi isə Hörmüz və Bab əl-Məndəb boğazlarının bağlanması ilə bağlı yaranan vəziyyət üçüncü dalğanın başlanmasına səbəb olub. Avropa hökumətləri və Avropa Komissiyası bu çağırışlara adekvat cavab verə bilməyib. Nəticə göz qabağındadır. Eyni zamanda, Avropanın rəqibləri yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Məsələn, Çin, Hindistan, ABŞ, Braziliya və digər ölkələr mövcud vəziyyətdən öz maraqları naminə yararlanmağa çalışırlar. Çin və Hindistan Rusiyadan ucuz neft alır, ABŞ isə Avropaya bahalı qaz satır. Bütün bunlar son nəticədə bazarlara, iqtisadi vəziyyətə, qiymətlərə və inflyasiyaya təsir göstərir. Avropa Mərkəzi Bankı müəyyən tədbirlər görür və bir çox hallarda bu tədbirlər effektiv olur. Lakin onlar mövcud problemlərin aradan qaldırılması üçün kifayət etmir”.

Ekspert qeyd edib ki, nəticədə, həmişə olduğu kimi, ən çox aztəminatlı təbəqə və orta sinif əziyyət çəkir: “Hazırda etirazlara nəzər salsaq, onların əsas aparıcı qüvvəsinin gənclər, xüsusilə də “Z”nəsli olduğunu görə bilərik. Bu nəsil etiraz proseslərinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Xarici müdaxilə olmasa da, müxtəlif ölkələrdə fərqli səbəblərdən etirazlar baş verir. Bu etirazların mahiyyəti və yaranma səbəbləri ölkədən ölkəyə dəyişir. Bununla belə, onların arasında müəyyən oxşar cəhətlər də mövcuddur.mDigər tərəfdən, müəyyən şəbəkələşmə prosesi də müşahidə olunur. Nəyə görə? Çünki internet vasitəsilə müxtəlif ölkələrdəki etiraz təcrübəsi gənclər arasında yayılır. Onlar bir-biri ilə təcrübə və informasiya mübadiləsi aparırlar. Bu, xaricdən müdaxilə demək deyil, sadəcə, xarici təcrübədən istifadə olunmasıdır. Beləliklə, bu etirazlar beynəlxalq miqyas alıb. Son illərdə, xüsusilə 2023–2026-cı illər ərzində müxtəlif ölkələrdə fərqli səbəblərlə etiraz aksiyaları keçirilib və bu proseslər hazırda da davam edir. Burada müəyyən şəbəkələşmə mövcuddur. Etirazçılar və onların liderləri bəzən bir-biri ilə əlaqə saxlayır, məlumat və təcrübə bölüşürlər. Düşünürəm ki, bu proseslərin qarşısını almaq üçün ənənəvi metodlar artıq acizdir. Yeni və daha effektiv yanaşmalara ehtiyac var. İlk növbədə, sosial-iqtisadi problemlər həll edilməli, dünyada baş verən böhranların aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda, bu böhranlara yanaşma dəyişməlidir. Əgər mövcud yanaşma davam etsə, yəni gücə-güc prinsipi, sırf hərbi gücə və vasitələrə üstünlük verilməsi siyasəti dəyişməsə, təəssüf ki, vəziyyət yaxşılaşmayacaq. Əksinə, mövcud problemlər Avropada siyasi landşaftın dəyişməsinə gətirib çıxara bilər”.
Ayhan
17:00 13.11.2026
Oxunuş sayı: 98