Azərbaycanın müstəqil diplomatiyası və “bir millət, iki dövlət” bağlarının sarsılmazlığı
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı onlarla ölkənin nümayəndə heyətinin zalı tərk etməsi beynəlxalq siyasi etirazın nümayişi kimi qiymətləndirildi. Türkiyə də bu etiraz aksiyasına qoşulan ölkələr sırasında yer aldı. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynovun isə zalda qalması Türkiyə ictimaiyyətinin müəyyən seqmentlərində, sosial şəbəkələrdə və bəzi media platformalarında müzakirələrə səbəb oldu. Bəzi dairələr hadisəni “xəyanət”, “məyusluq” və hətta Azərbaycan-Türkiyə qardaşlığına zərbə kimi təqdim etməyə çalışdılar. Halbuki bir diplomatın konkret diplomatik jestə qoşulmaması ilə iki ölkə arasındakı strateji münasibətlərin xarakteri arasında birbaşa əlaqə qurmaq mümkün deyil.
Əvvəla, söhbət Azərbaycanın İsrail siyasətinin bütün istiqamətlərini dəstəkləməsindən yox, BMT Baş Assambleyasındakı konkret bir diplomatik davranışdan gedir. Həmin gün təxminən 70 ölkənin nümayəndələrinin zalı tərk etdiyi bildirilib. Bununla yanaşı, Azərbaycanla yanaşı müsəlman dövləti olan BƏƏ, Bəhreyn digər ölkələrin nümayəndələrinin də zalda qaldığı qeydə alınıb. Amma ən çox qınanan ölkə Azərbaycan oldu. Yəni zalda qalmaq yalnız Azərbaycana məxsus davranış olmayıb.
Azərbaycan nümayəndə heyətinin bir hissəsinin zalı tərk etməsi, digər bir diplomatın isə çıxışı dinləməyə davam etməsi də mühüm məqamdır. Buna görə hadisəni “Azərbaycan İsrailin mövqeyini dəstəklədi” kimi təqdim etmək diplomatik prosedurun siyasi məzmununu həddindən artıq sadələşdirmək olardı. Zalı tərk etmək siyasi etiraz formasıdır, lakin onu etməmək avtomatik şəkildə qarşı tərəfin bütün siyasətini dəstəkləmək anlamına gəlmir.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri də məhz müstəqil qərarvermə prinsipidir. Azərbaycanın heç bir dövlətin diktəsi ilə hərəkət etmir, öz xarici əlaqələrini milli maraqlar əsasında qurur. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində də Azərbaycan və Türkiyənin “öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri” açıq şəkildə qeyd olunur.
Bu prinsip Azərbaycan-Türkiyə münasibətlərinə də aiddir. Qardaşlıq iki dövlətin bir-birinin suveren qərarlarına hörmət etməsini istisna etmir, əksinə, belə hörmət həmin münasibətlərin siyasi əsaslarından biridir. “Bir millət, iki dövlət” ifadəsi də bir dövlətin digərinin bütün qərarlarını mexaniki şəkildə təkrarlaması anlamına gəlmir. Əksinə, iki müstəqil dövlətin öz milli maraqlarını qoruyaraq strateji müttəfiqlik münasibətlərini inkişaf etdirməsini ifadə edir.
Azərbaycan-Türkiyə münasibətlərinin miqyasını bir diplomatın BMT zalında harada oturması ilə ölçmək mümkün deyil. Bu əlaqələrin siyasi, hərbi və iqtisadi bazası çox daha genişdir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri daha da yüksək səviyyəyə qaldırılıb. Sənəddə siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, xarici siyasət sahəsində koordinasiya və milli maraqların müdafiəsi xüsusi qeyd olunur.
Eyni zamanda bu hadisə zamanı və bundan sonra da heç bir Azərbaycan və Türkiyə rəsmisi dövlətlərarası münasibətlərə zərər vuracaq çıxışlar etmirlər. Və bu hadisədən bir gün sonra 27 Sentyabr Anım Günündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir sıra Türkiyə rəsmiləri Azərbaycana başsağlığı verdilər. Bu gün də rəsmi diplomatik səviyyədə dövlətlərarasında heç bir problem yoxdur. İstər siyasi, istərsə də mədəni, iqtisadi, ictimai və elmi dairələr arasında münasibətlər davam edir.
Hərbi və müdafiə sahəsində əməkdaşlıq isə münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Şuşa Bəyannaməsində iki ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi, şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, orduların birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev də Azərbaycan və Türkiyə ordularının “bir yumruq” olduğunu vurğulayıb və hər il Türkiyə və Azərbaycanda hərbi təlimlərin keçirildiyini bildirib.
Siyasi əməkdaşlıq da yalnız bəyanatlardan ibarət deyil. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində görüşlər və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək mexanizmləri mövcuddur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda bir-birinə dəstək verməsini də nəzərdə tutur.
İqtisadi və enerji əməkdaşlığı isə bu münasibətlərin başqa bir sütunudur. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi, enerji, nəqliyyat və investisiya sahələrində böyük layihələr həyata keçirilir. Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər nəqliyyat-enerji layihələri iki ölkənin yalnız ikitərəfli deyil, regional və beynəlxalq əhəmiyyət daşıyan əməkdaşlığını formalaşdırır. Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığını, enerji və nəqliyyat layihələrinin isə hər iki ölkənin sərhədlərindən kənarda da mühüm rol oynadığını bildirib. Həmin çıxışda Türkiyəyə təbii qaz ixracının və Bakı-Tbilisi-Qars xəttinin ötürücülük imkanlarının artırılması da qeyd olunub.
Əslində, Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ən aydın şəkildə 44 günlük Vətən müharibəsi dövründəki siyasi və mənəvi dəstək nümayiş etdirdi. İlham Əliyev sonrakı çıxışlarında Türkiyə Prezidentinin müharibənin ilk günündən son gününədək Azərbaycanın yanında olduğunu və Türkiyənin siyasi-mənəvi dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Burada mühüm bir məqamı da unutmaq olmaz: Türkiyənin Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olması Azərbaycanın digər dövlətlərlə münasibətlər qurmaq hüququnu aradan qaldırmır. Eyni qaydada Azərbaycanın İsraillə münasibətlərinin mövcudluğu Türkiyə ilə strateji tərəfdaşlığın alternativi deyil. Azərbaycan-İsrail münasibətləri uzun illər ərzində siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, müdafiə və texnologiya kimi müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan diplomatik münasibətləri 1992-ci ildə qurub, 2023-cü ildə isə Azərbaycanın İsraildə səfirliyi açılıb.
Xatırlatmaqda fayda var ki, bir neçə ay bundan öncə İsrail "erməni soyqrımı"nı tanımaq istəyəndə Azərbaycan mövqeyini ortaya qoymuş, bu məsələyə qarşı olduğunu ifadə edib tanınmasına mane olmuşdu. Bu məsələ heç kimə sadə siyasi məsələ kimi gəlməməlidir, Buna bənzər hadisə 2014-cü ilin zirvə görüşündə də yaşanmışdı. Ermənistan prezidenti Serj Sərkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr edib. İlham Əliyev isə çıxış edərkən qeyd etdi: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam".
Bu baxımdan BMT Baş Assambleyasının zalında baş verən bir neçə dəqiqəlik hadisəni Azərbaycan-Türkiyə münasibətlərinin ümumi mənzərəsindən ayıraraq qiymətləndirmək düzgün yanaşma deyil. İki ölkə arasında münasibətlər siyasi dialoqdan müdafiə sənayesinə, hərbi təlimlərdən enerji təhlükəsizliyinə, ticarətdən nəqliyyat dəhlizlərinə qədər çoxşaxəli və institusional xarakter daşıyır.
Azərbaycanın müstəqil diplomatiyası Türkiyəyə qarşı olmaq deyil. Əksinə, müstəqil xarici siyasət yürütmək Azərbaycanın Türkiyə ilə müttəfiqliyinin hüquqi və siyasi əsaslarından biridir. Şuşa Bəyannaməsində də bu iki prinsip — müttəfiqlik və müstəqil xarici siyasət — bir-birinə zidd yox, paralel prinsiplər kimi təsbit olunub.
Ona görə də Azərbaycan nümayəndəsinin BMT zalında qalmasını “qardaşlığa xəyanət” kimi təqdim etmək əvəzinə, hadisəyə diplomatik davranış və suveren qərarvermə kontekstində yanaşmaq daha doğru olar. Azərbaycan-Türkiyə münasibətlərinin gücü ayrı-ayrı diplomatik jestlərdən deyil, qarşılıqlı siyasi dəstəkdən, Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş müttəfiqlikdən, hərbi əməkdaşlıqdan, enerji və nəqliyyat layihələrindən, iqtisadi əlaqələrdən və xalqlar arasındakı tarixi bağlardan qaynaqlanır.
“Bir millət, iki dövlət” anlayışının mahiyyəti də məhz buradadır: bir millətin tarixi və mənəvi bağlılığı, iki müstəqil dövlətin isə öz suveren qərarlarını qəbul etməsi. Azərbaycan öz milli maraqlarına əsaslanan xarici siyasətini davam etdirə, eyni zamanda Türkiyə ilə strateji müttəfiqliyini daha da dərinləşdirə bilər. Bu iki istiqamət bir-birinə zidd deyil — əksinə, Şuşa Bəyannaməsində təsbit olunan münasibətlər modelinin əsasını təşkil edir.
16:30 30.09.2026
Oxunuş sayı: 310