105 yaşlı yapon üzgüçü karyerasını başa vurdu
Yaponiyanın 105 yaşlı üzgüçüsü Mieko Nagaoka 25 illik idman karyerasını başa vurmağa hazırlaşır. O, 100 yaşında 1500 metr məsafəni 25 metrlik hovuzda üzərək öz yaş qrupunda ilk dünya rekorduna imza atıb.
Crossmedia.az xəbər verir ki, "BBC" bu barədə məlumat yayıb.
Nagaoka üzgüçülüyə 80 yaşında Noh adlı ənənəvi yapon teatr sənətini məşq edərkən aldığı diz zədəsindən sonra bərpa olunmaq məqsədilə başlayıb.
100 yaşında “Mən 100 yaşındayam və dünyanın ən yaxşı aktiv üzgüçüsüyəm” adlı kitabını nəşr etdirən Nagaoka daha sonra 25 metrlik hovuzda 1500 metr məsafəni üzərək öz yaş qrupu üzrə ilk dünya rekordunu müəyyənləşdirib. 105 yaşında belə o, Masters yarışlarında iştirak edib və hazırda 18 dünya rekorduna sahibdir.
2019-cu ilin sentyabrında Nagaoka sonuncu yarışı olan Fukuokada keçirilən Yaponiya Masters turnirindən əvvəl karyerasını başa vuracağını açıqlayıb. O, 105-109 yaş qrupunda 50 metr məsafəyə arxasıüstə üzmə üzrə dünya rekordu müəyyənləşdirməyə çalışsa da, yarışı başa çatdıra bilməyib.
Nagaoka tezliklə oğlu ilə birlikdə yaşamaq üçün Yokohamaya köçəcək və 25 illik üzgüçülük karyerasını rəsmən başa vuracaq.
Onun məşqlərinə kömək edən 79 yaşlı oğlu Hiroyuki bildirib ki, anası ilə bu yaşa qədər birlikdə üzmək onlar üçün böyük xoşbəxtlik olub.
01:30 30.09.2026
Oxunuş sayı: 41