“İranı bombardman etmək çıxış yolu deyil!” – Vaşinqtona sərt mesaj
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla mümkün görüşlə bağlı əsas problemin iki ölkə arasında yaranmış etimadsızlıq olduğunu bildirib. Pezeşkian ABŞ-nin əvvəlki razılaşmalara əməl etməsinin, təzyiq və hərbi fəaliyyətlərin dayandırılmasının danışıqlar üçün mühüm şərtlər olduğunu vurğulayıb. Tehran və Vaşinqton arasında diplomatik təmasların davam etdiyi bir vaxtda Pezeşkianın açıqlaması tərəflər arasında danışıqların hansı şərtlərlə bərpa oluna biləcəyi məsələsini gündəmə gətirir. İranın mövqeyinə görə, qarşılıqlı etimadın bərpası və konkret təminatların verilməsi danışıqların əsas istiqamətlərindən biri olaraq qalır. Bəs bu şərtlər fonunda ABŞ və İran arasında diplomatik dialoqun bərpası üçün hansı addımlar atıla bilər?
Crossmedia.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-nin İsrail və İran arasındakı münaqişəyə müdaxilə etməməli olduğunu və tərəf tutmamasının vacib olduğunu bildirib: “Amerika Birləşmiş Ştatları İsrail və İran arasındakı münaqişəyə soxulmamalıdır. Dünyanın o başından gəlib dünyanın bu başında İran nefti uğrunda mübarizəyə girməməlidir. Dövlətlərin münasibətləri qaydaya salmaq üçün İranla normal münasibətlərin qurulmasına yardım göstərməlidir”.

Qabil Hüseynli ABŞ-nin hərbi gücündən istifadə etməklə İrana qarşı addımlar atmasının düzgün olmadığını düşünür: “İndi sən güclüsən deyə, sənin daha güclü raketlərin var deyə, sən həm də dənizlərdən uzaqdasan deyə İranı bombardman edəcəksən?”.
Politoloq ABŞ-nin İrana qarşı siyasətini dəyişməsinin və münaqişənin dini qarşıdurma müstəvisinə keçirilməməsinin vacibliyini vurğulayıb: “Zənnimcə, Amerika İrana qarşı olan aqressiyasını dayandırmalı, tərəf tutmamalı və müharibəni xristian-müsəlman qarşıdurmasına çevirməməlidir”.
Nigar Xəlilli
13:00 26.09.2026
Oxunuş sayı: 45