Azərbaycan Elm Fondunun son müsabiqəsində 22 layihə qalib olub
Azərbaycan Elm Fondunun qrant müsabiqələrinə elmi ictimaiyyətin marağı ildən-ilə artır. 2024-cü ildə “Əsas Qrant Müsabiqəsi”nə 155, 2025-ci ildə 161, 2026-cı ildə isə 192 layihə təqdim edilmişdir. Son üç ildə müraciətlərin sayında müşahidə olunan ardıcıl artım alim və tədqiqatçıların qrant müsabiqələrinə marağının və Fondun təqdim etdiyi maliyyələşdirmə imkanlarına etimadının yüksəldiyini göstərir. “Əsas Qrant Müsabiqəsi – 2026” çərçivəsində təqdim edilmiş 192 layihədən çoxmərhələli qiymətləndirmənin yekunlarına əsasən 22 layihə qalib müəyyən edilmişdir.
Azərbaycan Elm Fondundan Crossmedia.az-a verilən məlumata görə, qrant müsabiqələrinin təşkilində şəffaflıq, obyektivlik, bərabər rəqabət və müstəqil elmi ekspertiza prinsiplərini əsas götürür. Bütün layihələr üçün vahid tələblər və qiymətləndirmə meyarları tətbiq edilir.
Texniki tələblərə cavab verən layihələrin elmi qiymətləndirilməsi müvafiq sahələr üzrə ixtisaslaşmış müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Ekspertiza anonimlik prinsipi əsasında təşkil olunur: ekspertlər layihə müəllifləri barədə, layihə müəllifləri isə ekspertlərin kimliyi barədə məlumatlandırılmırlar. Fond elmi rəylərin və ekspert qiymətləndirmələrinin formalaşdırılmasına müdaxilə etmək imkanına malik deyil. Bu yanaşma ekspertizanın obyektivliyinin və müstəqilliyinin qorunmasına xidmət edir.
Qalib layihələrin həyata keçirilməsi ölkənin aparıcı ali təhsil, elmi-tədqiqat və digər ixtisaslaşmış qurumlarının elmi potensialını əhatə edir. Maliyyələşdirilməsi nəzərdə tutulan layihələr Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fizika İnstitutu, Coğrafiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya İnstitutu, Kimya İnstitutu, Geologiya İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Milli Onkologiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elmi-Tədqiqat Mərkəzi və Mərkəzi Elmi Kitabxana və digər elmi və ixtisaslaşmış qurumların iştirakı ilə həyata keçiriləcəkdir.
Bu coğrafiya qalib layihələrin müxtəlif elm sahələrini və elmi qurumları əhatə etdiyini, eyni zamanda universitetlərlə elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaratdığını göstərir.
Qalib layihələrin müəyyənləşdirilməsində elmi ekspertizanın nəticələri ilə yanaşı, müsabiqə üzrə 2026-cı il üçün müəyyən edilmiş prioritet istiqamətlər də mühüm rol oynayır. Onu da qeyd edək ki, maliyyələşdirilməyən layihələr içərisində elmi baxımdan maraqlı mövzuları əhatə edənlərin olmasına baxmayaraq onların bəzilərinin texniki tələblərə cavab verməməsi, bəzilərinin prioritetlərlə uyğunluq təşkil etməməsi bu müraciətlərin maliyyələşmədən kənarda qalmasına səbəb olmuşdur.
Eyni zamanda, müsabiqənin nəticələri ilə razılaşmayan layihə rəhbərləri üçün apellyasiya müraciəti etmək imkanı nəzərdə tutulur. Layihə rəhbərləri müəyyən edilmiş qayda və müddətlər çərçivəsində müsabiqənin nəticələri ilə bağlı Azərbaycan Elm Fonduna apellyasiya müraciəti təqdim edə bilərlər. Daxil olan müraciətlər müəyyən edilmiş prosedurlara uyğun olaraq araşdırılır və nəticəsi barədə müraciət edən tərəfə məlumat verilir. Apellyasiya mexanizminin mövcudluğu müsabiqə prosesində şəffaflığın, hesabatlılığın və iştirakçıların hüquqlarının qorunmasının mühüm elementlərindən biridir.
Bu yanaşmalar dövlətin elmə ayırdığı vəsaitlərin aktual və strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətlərinə yönəldilməsinə xidmət edir.
14:51 25.09.2026
Oxunuş sayı: 56