ABŞ dizel ixracını dayandıra bilər – Aİ-dən reaksiya
ABŞ-ın dizel ixracına müvəqqəti qadağa tətbiq edə biləcəyi barədə yayılan məlumatlar Avropa İttifaqında narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Olof Gill ABŞ-ın, o cümlədən Avropa İttifaqına dizel ixracını məhdudlaşdırmaq planları ilə bağlı xəbərləri diqqətlə izlədiklərini bildirib.
Gill qeyd edib ki, Aİ ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq güclü, sabit və qarşılıqlı faydalıdır. Onun sözlərinə görə, enerji ticarətində hər hansı pozuntu hər iki tərəf üçün mənfi nəticələr yarada bilər.
“Yaxın tərəfdaşların ortaq bazarlara təsir edən qərarlar qəbul etməzdən əvvəl bir-biri ilə məsləhətləşməsini gözləyirik”, – Avropa Komissiyasının sözçüsü bildirib. O əlavə edib ki, məsələ ilə bağlı Aİ və ABŞ administrasiyası arasında yüksək səviyyəli təmaslar davam edir.
Avropa Komissiyası vurğulayıb ki, mümkün ixrac qadağası ilə bağlı hələ yekun qərar qəbul edilməyib.
Komissiyanın enerji məsələləri üzrə sözçüsü Anna-Kaisa Itkonen isə Aİ ölkələri ilə birlikdə yanacaq bazarlarının və təchizat vəziyyətinin izlənildiyini bildirib. Avropa Komissiyasının sentyabrın əvvəlində açıqladığı qiymətləndirməyə əsasən, hazırda Aİ-də dizel və digər neft məhsullarının təchizatında təcili çatışmazlıq müşahidə olunmur. Tələbat həm Aİ daxilində neft emalının artırılması, həm də alternativ xarici tədarük hesabına təmin edilir.
Məlumata görə, ABŞ hazırda Avropanın dizel təchizatında mühüm mənbələrdən biridir və bu səbəbdən ixracın məhdudlaşdırılması Avropa yanacaq bazarında əlavə təzyiq yarada bilər.
“Politico”nun məlumatına görə, Donald Tramp administrasiyası ABŞ daxilində yanacağın qiymətlərini azaltmaq məqsədilə dizel ixracına 90 günlük qadağa tətbiq edilməsi variantını nəzərdən keçirir. Reuters isə bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib. ABŞ administrasiyası daxilində və neft sənayesində belə bir addıma münasibətdə fikir ayrılıqlarının olduğu qeyd olunur.
Məsələ ABŞ-da 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər ərəfəsində yanacaq qiymətlərinin yüksəlməsi fonunda gündəmə gəlib.
16:06 24.09.2026
Oxunuş sayı: 35