ABŞ-də yanacaq həyəcanı: Tramp dizel ixracını DAYANDIRMAQ istəyir
ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkədə yüksələn yanacaq qiymətlərini azaltmaq məqsədilə dizel ixracına 90 günlük qadağa tətbiq etmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məsələ ilə bağlı məlumatlı beş mənbəyə istinadən yaydığı xəbərə görə, mümkün addım noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ərəfəsində yanacağın bahalaşmasının yaratdığı təzyiqi azaltmaq məqsədi daşıyır.
Bununla belə, təklif Tramp administrasiyası daxilində və neft sənayesində fikir ayrılığı yaradıb. Sənaye nümayəndələrinin bir qismi, bəzi respublikaçı konqresmenlər və administrasiya rəsmiləri hesab edirlər ki, ixracın məhdudlaşdırılması qısa müddətdə qiymətləri aşağı sala bilsə də, sonradan yanacağın daha da bahalaşmasına səbəb ola bilər.
“Politico”nun mənbələrindən biri Trampın həftənin sonunadək qadağanı elan etməyə meyilli olduğunu bildirib. Mənbənin sözlərinə görə, mümkün mənfi nəticələrin daha sonrakı dövrdə həll ediləcəyi düşünülür.
Qadağa tətbiq olunarsa, bu, Barak Obama administrasiyasının 2015-ci ildə onilliklər boyu qüvvədə olan neft ixracı məhdudiyyətini aradan qaldırmasından sonra ABŞ-nin enerji ixracına tətbiq etdiyi ilk belə məhdudiyyət olacaq.
ABŞ-də bir qallon — 3,785 litr — dizelin qiyməti ötən illə müqayisədə 2,83 dollar artaraq 6,50 dollar səviyyəsinə yüksəlib. Yanacağın bahalaşması noyabrın 3-də keçiriləcək aralıq seçkiləri öncəsi respublikaçı namizədlər üçün əsas iqtisadi məsələlərdən birinə çevrilib.
Bununla yanaşı, Ağ Ev “Politico”nun məlumatını təkzib edib. ABŞ-nin energetika naziri Kris Rayt da dizel ixracına tam qadağanın nəzərdən keçirilmədiyini və belə bir addımın benzin və aviasiya yanacağının qiymətini artıra biləcəyini bildirib.
14:33 24.09.2026
Oxunuş sayı: 32