ABŞ-də Tramp administrasiyasına zərbə: CNN və digər media qurumları Ağ Evə qayıdır
ABŞ-nin Kolumbiya dairəsi üzrə federal hakimi Timoti Kelli CNN, MS NOW və Politico əməkdaşlarının Ağ Evə giriş icazələrinin dərhal bərpa olunmasına qərar verib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Hakim 14 günlük müvəqqəti məhdudlaşdırıcı qərar çıxarıb. Qərara əsasən, Donald Tramp administrasiyasının nümayəndələri üç media qurumunun əməkdaşlarına verilmiş Ağ Evə giriş vəsiqələrini geri qaytarmalı və onların girişinə imkan yaratmalıdır.
Məhkəmə qərarı bu vəsiqələrin sentyabrın 18-də ləğv edilməsindən sonra verilib. CNN, MS NOW və Politico bununla bağlı Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edərək qərarın ABŞ Konstitusiyasının mətbuat azadlığı və hüquqi prosedurla bağlı müddəalarını pozduğunu bildiriblər.
Hakim Kelli qeyd edib ki, media qurumlarının giriş icazələri ləğv edilməzdən əvvəl onlara əvvəlcədən bildiriş verilməyib və qərara etiraz etmək imkanı yaradılmayıb. Administrasiya da bu faktı mübahisələndirməyib.
Məhkəmə həmçinin Ağ Evin milli təhlükəsizlik arqumentini də əsaslandırılmış hesab etməyib. Kelli bildirib ki, administrasiyanın təqdim etdiyi materiallarda media qurumlarının fəaliyyətinin milli təhlükəsizliyə necə zərər vurduğunu göstərən kifayət qədər sübut yoxdur.
Donald Tramp sentyabrın 18-də CNN, MS NOW və Politico-nu Ağ Evdən uzaqlaşdırmaq qərarını açıqlamış və bu media qurumlarını onun administrasiyası barədə “saxta xəbərlər” yaymaqda ittiham etmişdi. Tramp daha sonra digər media qurumlarının da oxşar tədbirlərlə üzləşə biləcəyini bildirmişdi.
Məhkəmə prosesi davam edir. Hakimin çıxardığı 14 günlük qərar bu müddət ərzində üç media qurumunun Ağ Evə girişinin təmin edilməsinə imkan verir.
12:00 24.09.2026
Oxunuş sayı: 46