Ərdoğan BMT Baş katibi Quterreşlə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində New Yorkda olduğu müddətdə BMT binasında Baş katib Antonio Quterreşlə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə regional və qlobal məsələlər, o cümlədən Qəzzə, İran, Ukrayna, Hörmüz boğazı, Qara dəniz və Kipr mövzuları müzakirə olunub.
Ərdoğan, vəzifə müddətinin sonuna yaxınlaşan Quterreşlə qlobal sülh və təhlükəsizliklə bağlı bir çox məsələdə yaxından əməkdaşlıq etdiklərini bildirib.
Qəzzə ilə bağlı İsrailin sülhə meyilli olmadığını bir daha ortaya qoyduğunu qeyd edən Ərdoğan, Qərb Sahildə qanunsuz məskunlaşanların hücumları və Qüdsdəki müqəddəs yerlərə edilən hücumların vəziyyəti daha da pisləşdirdiyini vurğulayıb. O, iki dövlətli həll zəmininin qorunmasının vacibliyini diqqətə çatdırıb.
İran və Ukrayna ilə bağlı gərginliyin azaldılması lazım gəldiyini deyən Ərdoğan, Türkiyənin diplomatik prosesə sadiq qalmaq üçün səy göstərdiyini əlavə edib. Hörmüz boğazı məsələsində region daxilindən doğacaq bir prosesin faydalı ola biləcəyini bildirib.
Qara dənizdə naviqasiya təhlükəsizliyi üçün tərəflərin məsuliyyətli mövqe sərgiləməsini gözlədiklərini qeyd edən Ərdoğan, Türkiyənin ticarət gəmilərinin hədəf alınmasından narahat olduğunu vurğulayıb.
Kipr mövzusunda isə Ada daxilində Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımayan heç bir təklifin nəticə verməyəcəyini söyləyib.
BMT-nin rəsmi açıqlamasında da Quterreş və Ərdoğanın Kipr, Ukrayna müharibəsi və Orta Şərqdəki vəziyyət barədə fikir mübadiləsi apardığı bildirilib.
08:30 23.09.2026
Oxunuş sayı: 33