Ərdoğan BMT-də Qəzzadakı vəziyyəti və beynəlxalq sistemin problemlərini gündəmə gətirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək Qəzzadakı vəziyyəti, Fələstin məsələsini və beynəlxalq sistemdə islahatların vacibliyini gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında bu barədə danışıb.
Ərdoğan BMT Baş katibi Antonio Quterreşə təxminən 10 il ərzində gördüyü işlərə görə təşəkkür edib. O, Fələstin Prezidenti Mahmud Abbasın ardıcıl iki ildir BMT Baş Assambleyasının iclaslarında şəxsən iştirak edə bilməməsini ədalətsizlik kimi qiymətləndirib və Fələstini dövlət kimi tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağırıb.
Türkiyə prezidenti son 12 ayın 60-dan çox münaqişə və müharibə ilə son 30 ilin ən qanlı dövrlərindən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, Qəzza, Ukrayna, Rusiya, Myanma, Darfur, İran və Livandakı qarşıdurmalar nəticəsində 250 min insan həyatını itirib.
Ərdoğan Qəzzadakı vəziyyətə xüsusi diqqət çəkərək son üç ildə əsasən qadın və uşaqlar olmaqla 74 min fələstinlinin öldürüldüyünü bildirib. O, Qəzzada insanların hələ də dağıntılar altında yaxınlarını axtardığını, xəstəxanalarda isə yanacaq çatışmazlığı səbəbindən generatorların böyük hissəsinin işləmədiyini deyib.
Türkiyə prezidenti İsrail hökumətinin Qəzzadakı siyasətini sərt şəkildə tənqid edib və Fələstin ərazilərində vəziyyətin daha da ağırlaşdığını bildirib. Ərdoğan həmçinin BMT-nin mövcud beynəlxalq böhranlar qarşısında öz missiyasını tam yerinə yetirə bilmədiyini, təşkilata inamın bərpa olunması üçün beynəlxalq sistemə yenidən baxılmasının vacibliyini vurğulayıb.
21:11 22.09.2026
Oxunuş sayı: 40