İsrail Baş nazirinin BMT çıxışı seçkilər ərəfəsində diqqət çəkib
İsrailin Baş naziri Benjamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışından sonra Nyu-Yorkda uzun müddət qalmayacaq və ABŞ Prezidenti Donald Trampla görüş keçirmədən ölkəsinə qayıdacaq.
Crossmedia.az xəbər verir ki, “Haaretz” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Netanyahu sentyabrın 23-də ABŞ-ə yola düşəcək və çıxışından bir neçə saat sonra İsrailə qayıdacaq. Onun çıxışının İsraildə oktyabrın 27-də keçiriləcək Knesset seçkilərindən təxminən bir ay əvvəl əsasən ölkə daxilindəki seçicilərə hesablandığı bildirilir.
“Haaretz” yazır ki, Netanyahu ABŞ Prezidenti Donald Trampla və administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə görüş təşkil edə bilməyib. Dövlət katibi Marko Rubio ilə görüşün baş tutub-tutmayacağı da hələ məlum deyil. Nəşr baş nazirin Nyu-Yorkdakı görüş proqramını “xüsusilə məhdud” kimi qiymətləndirib.
Məlumata görə, Netanyahu çıxışını cümə axşamı İsrail vaxtı ilə təxminən saat 21:00-da etməyi planlaşdırır. Çıxışda əsas diqqətin İranla müharibə və ABŞ prezidenti ilə sıx əməkdaşlığa yönələcəyi bildirilir.
Netanyahunun səfəri Nyu-Yorkda etiraz aksiyaları fonunda baş tutacaq. “Haaretz” onun həm küçələrdə, həm də BMT Baş Assambleyasının zalında etirazlarla qarşılaşmasının gözlənildiyini yazıb. İsrail hökumətinin Qəzzadakı müharibəsi ilə bağlı etirazların da səfər zamanı artacağı gözlənilir.
19:52 22.09.2026
Oxunuş sayı: 44